Norveç çempionatında mövsümə yekun vurulub. Fanat.az xəbər verir ki, yaz-payız sistemi ilə keçirilən Tippeligaenin qalibi son turda müəyyənləşib.
Dünən evdə "Hauqesund"u 4:0 hesabı ilə yenən "Stromsqodset" 63 xalla 43 ildən sonra ölkə çempionu olub. Komanda sonuncu dəfə 1970-ci ildə birinci pilləni tutmuşdu. Ötən mövsüm isə "Stromsqodset" gümüş medallara sahib çıxmışdı.
Ölkənin ən titullu klubu, 22 dəfə Norveç çempionu olmuş "Rusenborq" ikinci olub. Dünən səfərdə "Lillestrom"u 3:0 hesabı ilə yenən komanda liderdən bir xal geri qalıb. Bürünc medallara 51 xal toplayan "Hauqesund" klubu sahib çıxıb. Ötən mövsümün çempionu "Molde" 6-cı pilləni tutaraq titulunu itirib.
Maraqlıdı ki, hazırda Avropa Liqasında mübarizəni davam etdirən "Tromse" aşağı liqaya yuvarlanıb. Avropa Liqasının II təsnifat mərhələsində Bakı "İnter"ini mübarizədən kənarlaşdıran komnada dünən "Brann"a 1:4 hesabı ilə yenilən 15-ci pilləni tutub. 16-cı yeri tutan "Honefoss" də aşağı liqaya düşüb. 14-cü pillədə qərarlaşan "Sarpsborq 08" isə "play-off"da iştirak edəcək.
Fanat.az