"Lorini tezliklə A Seriyasında, Bundesliqada, Premyer Liqada və ya La Liqada görəcəyik" - Nicat Ağayev

"Lorini tezliklə A Seriyasında, Bundesliqada, Premyer Liqada və ya La Liqada görəcəyik" -  Nicat Ağayev
“Neftçi”nin meneceri Nicat Ağayev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin İtaliyanın “Sampdoriya” (Sampdoria) klubunda çıxış edən gənc hücumçusu Lorenzo Metsotero (Lorenzo Mezzotero) barədə danışıb.
Fanat.Az "ağ-qaralar"ın rəsmisinin "La Gazzetta dello Sport"a müsahibəsini təqdim edir:
– Metsotero B Seriyasında altı oyunda dörd qol vurub. Onun bu performansı sizi təəccübləndirir?
– Qətiyyən yox. Lori həmişə yüksək səviyyəli hücumçu olub. O, bizim Pio Espozitodur (Pio Esposito).
– Onunla bağlı yadınıza düşən ilk xatirə hansıdır?
– Onun “Neftçi” ilə ilk müqaviləsini imzaladığı anı hələ də xatırlayıram. Həmin vaxt Lorinnin yanında atası - mühəndis Sercio (Sergio) və bizim skautumuz İslam Kərimov var idi. Uşaq olsa da, Azərbaycanda hamı onu tanıyırdı. Bizə gəlməzdən əvvəl ölkənin daha bir neçə klubunda çıxış etmişdi. Hər komanda onu heyətində görmək istəyirdi. O, artıq kiçik bir istedad idi.
– Onun İtaliyada qol vurmasını izləmək necə hissdir?
– Bu, qürurvericidir. O, bizim klubun aşağı yaş qrupları üzrə komandalarında dörd il çıxış edib və bütün yaş qruplarında fərq yaradıb. Həm özündən böyüklərlə, həm də özündən bir-iki yaş kiçik futbolçularla oynadığı komandalarda seçilib. Üç fərqli yaş qrupunda məşq edib, altı-yeddi məşqçi ilə çalışıb. Bunu ona görə deyirəm ki, Lorenzo yalnız bir məşqçinin əməyinin nəticəsi deyil. Lori “Neftçi”nin kollektiv zəhməti ilə formalaşmış futbolçudur. Bizim yetirməmizdir. Buna görə məmnunluğumuz ikiqat, hətta üçqatdır. Üstəlik, hələ hər şey bitməyib.
– Nə mənada?
– Lorini tezliklə A Seriyasında, Bundesliqada (Bundesliga), Premyer Liqada (Premier League) və ya La Liqada (LaLiga, La Liga) görəcəyik. Bu çempionatlarda fərq yaratmaq üçün onda hər şey var.
– Metsotero həmişə hücumçu mövqeyində oynayıb?
– Bəzən yarımmüdafiənin cinahında da çıxış edib. Amma ümumilikdə onu həmişə komandanı irəli daşımağı və qol vurmağı bacaran klassik mərkəz hücumçusu kimi xatırlayıram. Əsl 9 nömrədir.
– Lorenzo ilə bağlı yaddaşınızda qalan maraqlı hadisə varmı?
– Türkiyədə U-12 komandaları arasında keçirilən İzmir Kubokunda (İzmir Kupası, Izmir Cup) iştirak edirdik. Yəqin ki, 2019-cu il idi. Oyunlar arasında Lorenzo atasından bütün komanda üçün dondurma almasını istədi. Sercio onunla zarafat etmək qərarına gəldi. Yalnız bir dondurma göstərərək oğluna təkcə bir dənə aldığını dedi. Lorenzo bundan narazı qalaraq dondurmanı digər dondurmaların olduğu torba ilə birlikdə yerə atdı. Zarafatı dərhal başa düşdü və komanda yoldaşlarının yanına qaçdı. Həmin hərəkəti xoşuma gəlmişdi.
- Ailəsi daim onun yanında olub?
– Bəli, hər oyunda. Yadıma gəlmir ki, ailəsindən heç kimin tribunada və ya meydanın kənarında olmadığı bir matç olsun. Lorenzo bu gün gördüyümüz təvazökar insandırsa, bunda ən böyük pay sahibi valideynləridir. Onlar qızıl kimi insanlardır, çox xüsusidirlər. Eynilə Lorenzo kimi.
– Bakıda olduğu müddətdə İtaliya klublarından ona maraq var idi?
– Bilmirəm. Əmin olduğum bir şey var ki, Avropada iştirak etdiyimiz turnirlərdən sonra həmişə hansısa klubun nümayəndəsi qapımızı döyürdü...
– Lorenzo Azərbaycanın futbol federasiyası ilə əlaqəli və gənc istedadların inkişafına yönəlmiş Barselonadakı "Marcet" akademiyasında (Academia Marcet, Marcet Academy) da çıxış edib. İki ölkə arasında hansı əlaqələr var?
– Ümid edirəm ki, bu layihə bir neçə ildən sonra Azərbaycanın ən azı iki futbolçusunun səviyyəli Avropa klublarında çıxış etməsinə şərait yaradacaq. Layihəyə ilk dəfə 2023-cü ildə start verilib. Lorenzo da onun ilk iştirakçılarından biri olub. O, “Neftçi”də oynayarkən bir çox klub onu heyətinə qatmaq istəyirdi. Amma həmin vaxt onun cəmi 12-13 yaşı var idi. Bu yaşda transfer reallaşdırmaq çətindir. Atasının işi onu əvvəlcə Kanadaya, daha sonra isə İtaliyaya aparıb.
– Bəs o, İtaliyanı təmsil edəcək, yoxsa Azərbaycanı?
– Hər iki ölkənin milli komandasında oynamaq hüququ var. Hazırda bunu demək çətindir. Qərar futbolçunun öz hisslərindən, ailəsinin fikrindən və qarşısına çıxacaq idman imkanlarından asılı olacaq. Seçimi özü edəcək.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər