"Arxayınlaşmağa haqqımız yoxdu" - MÜSAHİBƏ

"Arxayınlaşmağa haqqımız yoxdu" - MÜSAHİBƏ
"Qarabağ"ın futbolçusu Vüqar Nadirovun Fanat.az-a müsahibəsi
- “Valletta”yla ilk oyun haqda nə deyə bilərsən?
- Oyunun asan alınmayacağını əvvəldən təxmin etmək olardı. Rəqibin bizə qarşı müdafiədən oynayacağını bilirdik. Onlar öz meydanlarında uduzmaq istəmirdilər. Heç-heçə etsələr belə, bunu yaxşı nəticə sayacaqdılar. Son nəticədə bir qol vurub qalib gəldik. Belə oyunlarda nəticəyə oynamağı da bacarmalısan.
- “Qarabağ” qələbə qazansa da, baxımlı oynamadı. Azarkeşlər ölkə çempionundan Malta səfərində parlaq çıxış gözləyirdi…
- Biz ən yaxşı oyunumuzu oynamaya bilərik. Amma rəqib müdafiə olunursa, əks-hücumlar haqda fikirləşirsə, ağılla mübarizə aparmaq daha vacibdi. Qol vəziyyətlərimiz çox idi. Sadəcə, birindən yararlandıq. “Valletta”nın qapıçısının çox yaxşı oynadığını da qeyd etməliyəm.
- Oyuna ikinci yarının sonlarında çıxdın…
- Kimin nə vaxt meydana çıxacağına baş məşqçi qərar verir. Mənə nə vaxt “çıx, oyna” deyilirsə, onda da meydanda oluram. Əsas komandanın uğur qazanmasıdı.
- Cavab görüşü barədə nə fikirləşirsən?
- Məqsəd qələbə qazanmaqdı. Rəqibə hörmətlə yanaşırıq və başa düşürük ki, arxayınlaşmağa haqqımız yoxdu. Kimsə Malta çempionuna yuxarıdan aşağı baxa bilməz. “Valletta” futbol oynamağı bacaran komandadı. Bu başqa məsələ ki, bizim də əsas hədəfimiz azarkeşlərimizi sevindirmək, növbəti mərhələyə adlamaqdı.
- Tribunalarda anşlaq olacağına inanırsan?
- Azarkeşlər “Qarabağ”Ia heç vaxt tək qoymayıb. Avrokubok oyunlarında tribunaları dolu görməyə öyrəşmişik. Məncə, oyuna azı 20 min azarkeş stadiondan baxacaq.
- “Valletta”nı keçsəz, Avstriya “Zalsburq”uyla üz-üzə gələcəksiz. “Qarabağ” ötən il Avroliqada adından söz etdirən Avstriya klubuyla başabaş mübarizə apara bilər?
- Gəlin tələsməyək. Bu gün üçüncü mərhələdən danışmaq həm yersiz alınar, həm də “Valletta”ya hörmətsizlik olar. Biz növbəti rəqibi yox, Malta çempionu ilə cavab görüşünü düşünürük. Məqsədimizə çatsaq, sonrakıların kimliyindən, gücündən danışarıq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər