“Səfər oyunu bizim üçün çox vacibdi. Ona görə də, birinci görüşdə müsbət nəticə qazanmaq üçün əlimizdən gələni etməliyik”. Bu szöləri Fanat.az-a açıqlamasında hazırda İsveçdə olan “İnter”in kapitanı Asif Məmmədov deyib.
İyulun 17-də, Bakı vaxtı ilə 21.00-da “Boras Arena”da “Elfsborq”un qonağı olacaq bakılıların yarımmüdafiəçisi daha sonra əlavə edib: “Məşqçilər korpusu “Elfsborq”un oyun üslubu haqda yetərincə məlumat toplayıb. Elə biz də oyunlarına baxmışıq. Atletik futbol oynayan tipik Skandinaviya komandasıdı. Oyunu əsasən cinahlardan qururlar. Əlbəttə, bizim üçün çətin olacaq. 90 dəqiqə tempi saxlamalı, bacardıqca az səhv etməliyik. Məqsəd ilk qarşılaşmada yaxşı nəticə qazanmaqdı”.
Məmmədov “Elfsborq”u keçilməz rəqib saymır: “Düzdü, güclüdülər. Yaxşı futbolçuları var, sürətli oynayırlar. Amma bütün bunlara rəğmən, “Elfsborq”u keçilməz rəqib saymıram. İstənilən komanda rəqibinin imkan verdiyi qədər oynayır”.
Fanat.az