Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün 7 idman növü üzrə yarışlar baş tutacaq.
Qəbələdə futbol matçarı keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanla münasibətlərə aydınlıq gətirəcək. B qrupunda isə Rusiya Özbəkistanla qarşılaşacaq.
Bundan başqa, Qəbələdə atıcılıq yarışlarına yekun vurulacaq. Həmçinin, Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları davam edəcək.
Şəki Olimpiya İdman Kompleksində gimnastlar mübarizəyə başlayacaq.
Yevlax Olimpiya İdman Kompleksində boks yarışları davam edəcək. 48 kq, 52 kq, 57 kq, 60 kq, 66 kq, 80 kq və +80 kq çəki dərəcələrində 1/4 final mərhələsinin növbəti görüşləri keçiriləcək.
Gəncə İdman Sarayında isə üzgüçülük və voleybol yarışı baş tutacaq.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
Hazırda Azərbaycan komandalarının aktivində 56 medal - 7 qızıl, 18 gümüş, 31 bürünc var. Siyahıya Rusiya (47 qızıl, 13 gümüş, 9 bürünc medal) başçılıq edir. Belarus (7 qızıl, 16 gümüş, 17 bürünc) üçüncüdür.