Bu gün Misli Premyer Liqasının 13-cü turunda “Kəpəz” “Turan Tovuz”un qonağı olub.
Fanat.Az xəbər verir ki, görüş “sarı-göylər”in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Matçdan sonra qonaq komandanın baş məşqçisi Azər Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
Onun açıqlamaları belə olub:
- Bu oyun “qərb derbisi” adlanır. Vacib matç idi. Turnir cədvəlində yuxarı pillədə yer alan komandaya qarşı oynayırdıq. Bu gün komandamız layiqinci oyun oynadı. “Turan Tovuz” yuxarı pillədə olsa da, yaxşı oyun nümayiş etdirdik. Ən azı bir xal qazanmaq bizim haqqımız idi. Gəncədən gələn azarkeşlərə təşəkkür edirəm.
- Siz “Turan Tovuz”da oynamısınız. Çoxdandır belə derbi izləməmişdik. Nə deyə bilərsiniz?
- Mən oynadığım vaxt “Turan Tovuz”un yaxşı vaxtları idi. Azarkeş daha da çox olurdu. Bu gün də azarkeşlər çox idi.
- “Turan Tovuz”un standart vəziyyətlərinə hazırlaşmışdınız?
- Oyundan əvvəl müdafiədə çox çalışırdıq. Duran toplar üzərində işləyirik. Boy olaraq rəqib aramızda fərq var idi. Hər iki qol standart vəziyyətlərdən sonra baş verdi.
- İkinci qoldan sonra köməkçinizə narazılıq bildirdiniz. Bu nə ilə bağlı idi?
- Uzun pasların qarşısını kəsməyi tapşırmışdım. Lakin bunu etmədilər. Ona görə narazılıq bildirdim.
- Qarşıdakı üç oyunda hədəf nələrdir?
- Futbolçularıma qol buraxmamağı tapşırıram. 8 turdan sonra 2 qol buraxdıq. Bu gün də biz 3 xal üçün gəlmişdik. Hədəfimiz yenə maksimum üçün olacaq.
Əlisahib İbrahimli