Bu gün Braziliyada keçirilən dünya çempionatına yekun vurulacaq. Fanat.az xəbər verir ki, Almaniya və Argentina arasında baş tutacaq final matçında 20-ci dəfə dünya çempionatının qalibi müəyyənləşəcək.
Almaniya və Argentina milliləri 3-cü dəfə dünya çempionatının finalında qarşılaşacaq. Komandalar bundan əvvəl 1986 və 1990-cı illərdəki mundialların həlledici matçlarında qarşılaşıb.
1986-cı ildə Meksikada baş tutan dünya çempionatının finalında cənubi amerikalılar avropalıları 3:2 hesabı ilə yenib. Argentinalılardan Jose Luis Broun, Xorxe Valdano və Xorxe Burruçaqa, almanlardan isə Karl-Haynts Rummenigge və Rudi Völler fərqlənib.
4 il sonra İtaliyada təşkil olunan mundialda Almaniya Argentinadan qisasını alıb. 85-ci dəqiqədə Andreas Brehmenin penaltidən vurduğu qol oyunda yeganə olub və almanlar kuboka sahib çıxıb.
Almaniya millisi indiyədək 3 dəfə dünya çempionu olub. 1954, 1974 və 1990-cı illərdə kuboku başı üzərinə qaldıran almanlar 24 ildi uğura həsrətdi. Berti Foqtsun həmyerliləri 1966, 1982, 1986 və 2002-ci illərdə finalda yenilərək gümüş medallarla kifayətlənib.
Argentina isə tarixində 2 dəfə dünya çempionu olub. 1978 və 1986-cı illərdə kuboku başı üzərinə qaldıran amerikalılar artıq 28 ildi bu sevinci yaşamır. Argentina 1930 və 1990-cı illərdə baş tutan dünya çempionatlarını ikinciliklə başa vurub.
Dünya çempionatlarının finalları
1930 Uruqvay - Argentina 4:2
1934 İtaliya - Çexslovakiya 2:1 (əlavə vaxtda)
1938 İtaliya - Macarıstan 4:2
1950 Uruqvay - Braziliya 2:1
1954 Qərbi Almaniya - Macarıstan 3:2
1958 Braziliya - İsveç 5:2
1962 Braziliya - Çexslovakiya 3:1
1966 İngiltərə - Qərbi Almaniya 4:2 (əlavə vaxtda)
1970 Braziliya - İtaliya 4:1
1974 Qərbi Almaniya - Hollandiya 2:1
1978 Argentina - Hollandiya 3:1 (əlavə vaxtda)
1982 İtaliya - Qərbi Almaniya 3:1
1986 Argentina - Qərbi Almaniya 3:2
1990 Qərbi Almaniya - Argentina 1:0
1994 Braziliya - İtaliya 0:0 (penalti - 3:2)
1998 Fransa - Braziliya 3:0
2002 Braziliya - Almaniya 2:0
2006 İtaliya - Fransa 1:1 (penalti - 5:3)
2010 İspaniya - Hollandiya 1:0 (əlavə vaxtda)
Fanat.az