“Yaxşı komandaya qarşı oynayacağıq. Ötən illərdə “Qarabağ” Avroliqadakı çıxışı ilə nəyə qadir olduğunu göstərib”. Fanat.az xəbər verir ki, bu sözləri Maltanın “Valletta” klubunun baş məşqçisi Jilbert Acius deyib.
Acius sabah baş tutacaq Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Valletta” oyunundan öncə düzənlənən mətbuat konfransında əsas diqqəti yaxşı oyuna ayıracaqlarını söyləyib: “Məşqçiliyə yeni başlamışam.Mənim üçün yaxşı oyun əsasdı. Məşqi 21.30-da yox, erkən keçirməyimizin səbəbi qidalanma ilə bağlıdı. Çünki həmin vaxt məşq etsəydik, otelə qayıdıb yemək yeməyə vaxtımız qalmayacaqdı. İndi “Zalsburq” haqda danışmaq istəmirəm. “Qarabağ”la oyunu düşünürəm”.
40 yaşlı çalışdırıcı təcrübəli futbolçularına güvəndiyini söyləyib: “Mən də sizin kimi fikirləşirəm ki, qapıçımız yaxşı çıxış etdi. Ancaq bizdə yalnız qapıçı yaxşı oynamadı. Bütün komandanın oyunundan razı qalsam da, nəticədən məmnun olmadım. Kapitanımızın söylədiyi kimi, bizim millidə oynayan təcrübəli futbolçularımız var və onlara güvənirik”.
Maltalı millimizin Maltaya biabırçı yenilgisini də xatırlayıb: “Mən futbolçu olan vaxt bir dəfə Azərbaycan yığmasına qarşı oynamışam. Həmin oyunda 3:0 hesabı ilə qalib gəlmişdik. 2 topu da mən vurmuşdum. Bu oyunu necə unuda bilərəm ki? (Gülərək əlavə edir) Ona görə də Azərbaycan mənim üçün sevimli yerdir”.
Fanat.az