Abdullah Avcının istefasından sonra Türkiyə millisinin baş məşqçi postuna birnömrəli namizəd olan Fatih Terimlə bağlı hərəkətli saatlar yaşanır. Fanat.az xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi bu gün Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörenlə görüşüb.
Görüş Demirörenin evində baş tutub. Görüşə Floriya Metin Oktay bazasının müdiri Fahri Yılmazla birlikdə gələn Terimi TFF prezidentinin həyat yoldaşı Revna Demirören qarşılayıb. Terim-Demirören görüşündə TFF rəsmiləri Ufuk Özerten, Servet Yardımcı qurumun sabiq rəsmisi Göksel Gümüşdağ da iştirak edib.
Terim Bakı vaxtı ilə saat 12.15-də Demirören ailəsinin malikanəsindən ayrılıb. Məlumata görə, TFF prezidenti “İmperator” ləqəbli mütəxəssisə 4 illik anlaşma təklif edib. Fatih hocanın isə bu təklifə müsbət yanaşdığı deyilir.
“Qalatasaray”la bir illik müqaviləsi olan mütəxəssisin Demirörenlə görüqdən sonra təklifin detallarını müzakirə etmək üçün Ünal Aysalın ofisinə gedib.
Bu arada Terimin AMK qəzetində açıqlaması yer alıb. Baş məşqçiyə yaxınlığı ilə tanınan jurnalist Haluk Yürekli qələmə aldığı açıqlamada “İmperator” bu sözləri deyib: “Burda hələ işim bitməyib. 4-cü ulduzu almaq istəyirəm. Ayrılmaq barədə düşünmürəm. Mənim “Qalatasaray”a sözüm var”.
Bu arada Türkiyənin idman naziri Suat Kılıç TFF-nin Terimlə milli komanda üçün danışıqlar apardığını təsdiqləyib: Nazir “Twitter”dən bu mesajı yayımlayıb: “TFF prezidenti Fatih Terimlə milli komandaları görüşdü. Alınacaq qərarın türk futbol üçün xeyirli olmasını arzulayıram”.