"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun istefaya getdiyi barədə məlumat vermişdik. Xatırladaq ki, o, bundan öncə də bir neçə dəfə istefa versə də, sonradan klubda işini davam etdirmişdi.
Tahir Süleymanovla əlaqə saxlayıb növbəti istefa barədə mövqeyini öyrəndik. Keçmiş vitse-prezident belə məqamda ən doğru addımı atdığını bildirdi: "Mən hər kəsin qarşısında bu addımı atdım. Düşünürəm ki, doğru bir addım idi. Klubdan gedə bilməyin özü bir mədəniyyətdi. Ən təsiredici məqam ağzına qədər dolu olan stadionda azarkeşlərin üzülməsi oldu. Qarşımızda hər hansı böyük, güclü klub olsaydı, bu, başqa məsələ… Amma “Neftçi”nin öz evində “Koper”ə nəinki məğlub olmağa, heç-heçə etməyə belə haqqı yox idi. Çünki rəqibin maksimum 1-2 milyonluq büdcəsi var".
Süleymanov "Neftçi"nin "Koper"i keçəcək gücdə olduğunu dedi: "Meydanda nə Tahir Süleymanov, nə də məşqçi heyəti qol vuran deyil. Amma məsuliyyəti öz üzərimizə götürməyi bacarmalıyıq. Mənim klubdan getməyim və ya qalmağım geniş müzakirələrə səbəb olmamalıdı. Qərarımı vermişəm, qayıtmayacam. Klubun prezidentindən tutmuş hər bir əməkdaşına öz təşəkkürümü bildiririəm. Biz vəzifə düşkünü deyilik. Hər şeyin kökündə nəticə dayanır. “Neftçi” “Koper” kimi bir rəqiblə öz evində bacarmırsa, bu o deməkdi ki, müvafiq addımlar atılmalıdı. Düzdü, qarşıda cavab oyunu var. “Neftçi”nin futbolçuları “Koper”dən ən azı 10 qat üstündü. Futbolçularımız Sloveniyada bacardığı oyunun 70 faizini göstərə bilsə, rəqibə 3 qol vurmağa da gücləri yetər. İnanaq ki, belə də olacaq. Düşünürəm ki, iki oyunun nəticəsinə görə “Neftçi” mərhələ adlaya bilməsə, nə məşqçilər korpusundan, nə də futbolçulardan klubda qalmağa kiminsə haqqı yoxdu. Futbolçular şəxsiyyətlərini qorumaq istəyirlərsə, onlar “Koper”i Slovenyada məhv etməlidilər. Yenə deyirəm, əks halda məqşçilər heyəti ilə birlikdə onların “Neftçi”də nə mənəvi, nə maddi haqları yoxdu”.
Tahir bəy bundan sonra hansı işlə məşğul ola biləcəyindən də danışdı: "Bizim taleyimizə futbol yazılıb. Mən son nəfəsimə qədər futbolun içindəyəm. Zamana ehtiyac var, hər şeyi zaman göstərəcək".
publika.az