"Təxminən iki il bundan qabaq Azərbaycan millisində oynamağı istəyirdim. Üstəlik Portuqaliyaya gediş də bunda rol oynadı. Çünki Rusiyada çıxış edərkən xarici vətəndaş statusu almaq istəmirdim. Beləcə qərar verdik". Fanat.Az xəbər verir ki, bu sözləri millimizin üzvü Emin Mahmudov deyib.
Hazırda Portuqaliyanın "Boavişta" klubunda oynayan futbolçu “Sovetski Sport”a müsahibə verib. Emin Rusiya çempionatına qayıtmaq niyyətində olmadığını bildirib: "Avropada daha çox oynamaq istəyirəm. Çalışacam ki, orda ən yaxşı çempionatlarda çıxış edim. İngiltərə Premyer Liqasını sevsəm də, orda mənə ağır olar. Oyun stilimə ən uyğun gələn La Liqadı".
Mahmudov “Boavişta”ya keçidindən də danışıb: "Agentim dedi ki, Portuqaliyada çıxış etmək imkanı var. Dəqiq iki maraqlanan klub var idi. Məsləhət gördülər ki, “Boavişta” daha uyğun variantdı. Mən də razılaşdım. Başqa ölkədən də təklif var idi, ancaq Portuqaliya çempionatı mənə daha yaxın idi".
Fanat.Az