"Sabah məsuliyyətli olmalıyıq. Artıq bir dəfə qrupa düşmüşük. Ötən il isə çox pis nəticə göstərdik. Bu dəfə çalışacağıq ki, həmin uğursuzluğu unutduraq". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Flavinyo deyib.
"Neftçi" sabah Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Sloveniyanın "Koper" klubu ilə qarşılaşacaq. Braziliyalı futbolçu oyunla bağlı fikirlərini bildirib: "Bu oyun bütün Azərbaycan üçün vacibdi. Əgər hansısa klubumuz qrup mərhələsinə vəsiqə qazansa, bu, hamımızın uğurudu. Biz artıq bir dəfə bu uğura nail olmuşuq, niyə də onu yenidən təkrarlamayaq? İnanıram ki, yaxşı oynayıb, sloveniyalılara qalib gələcəyik. "Koper" "Skenderbeu"dan güclü komandadı. Fiziki cəhətdən güclüdülər, oyunçuları ucaboydu, standart vəziyyətləri çox təhlükəlidi. Buna görə də oyuna məsuliyyətlə yanaşmalıyıq. Qol buraxmaq olmaz, pressinq tətbiq edib, qol vurmalıyıq. "Koper"in oyunçuları çox söz deyə bilər, onların sözləri reklamdı. Sabah meydanda mən tək olmayacam. Məni zərərsizləşdirsələr, bu, "Neftçi"nin oyununun alınmayacağı anlamına gəlməyəcək".
Fanat.az