Elxan Məmmədov klubları saxtakarlıqda ittiham etdi

Elxan Məmmədov klubları saxtakarlıqda ittiham etdi
"İcraiyyə Komitəsi qərar vermişdi ki, klublar əmək haqqı ilə bağlı AFFA-ya məlumat versinlər. Ancaq bugünədək hesabat təqdim olunmayıb. Biz məlumatları agentlərdən, klublara yaxın adamlardan alırıq". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Asossiasiya rəsmisi bildirib ki, klublar Müşahidə Şurasını yaratmayıb: "İcraiyyə Komitəsi klublarda Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edib. Təəssüf ki, bu günədək bu məsələni həll etməyiblər. Şurada mətbuat nümayəndəsi, sponsorlardan 1 nəfər və s. olmalı idi. Lakin klubların AFFA-ya təqdim etdikləri siyahıda bəzən sponsorlardan 5-6 nəfərin, hətta baş məşqçinin adı yazılıb. Başa düşmək olmur, baş məşqçinin adı o siyahıya hansı məntiqlə salınıb? Biz bu məsələyə İcraiyyə Komitəsinin növbəti iclasında nöqtə qoyacağıq".
Məmmədov klublarda şəffaflığın olmamasından narazılığını ifadə edib: “Əksər xarici klubların büdcəsinin 65 faizi əməkhaqqına xərclənir. Bizdə isə bu rəqəm 25 faizdi. Bu da onu göstərir ki, şəffaflıq yoxdu. Belə olan halda AFFA da onların fəaliyyətini təhlil edə bilmir. Sponsor və tərəfdaşlar da belə klublara yaxın getmir. AFFA hər il hesabat verir, bütün rəqəmlər göstərilir. Klublarda isə belə şəffaflıq yoxdu". 
Baş katib Premyer Liqa və I divizion klublarını çalışdıran baş məşqçilərdən heç kim limitlə bağlı AFFA-ya etiraz etmədiyini deyib: "Yalnız “Rəvan”dan vitse-prezidenti Bəhruz Şirəliyev mənimlə əlaqə saxlayıb. O da dedi ki, bu qərar müsbət addımdı. Futbolçular, məşqçilər fərdi şəkildə mətbuat vasitəsilə etiraz edə bilərlər, lakin bizə rəsmi narazılıq edən yoxdu. Müraciət olarsa, məsələyə yenidən baxıla bilər".
Məmmədov azərbaycanlı və türkiyəli futbolçuların iki qardaş ölkədə legioner sayılmaması məsələsi ilə bağlı Türkiyə Futbol Federasiyası ilə danışıqların hansı vəziyyətdə olmasından danışıb: "Türkiyə Super Liqasında çıxış etmək istəyən futbolçumuzun olmaması fikri ilə razı deyiləm. Kamran Ağayev rahatca bu çempionatda oynaya bilər. Biz türkiyəli həmkarlarımızla legioner statusunun aradan qaldırılması barədə müzakirələr aparmışıq. Türklər buna razılıq versələr, bu, həqiqətən bütün türk dünyası üçün faydalı bir qərar olacaq".
Baş katib 2020-ci ildə keçiriləcək Avropa çempionatına Bakının ev sahibliyi etməsi üçün sifariş ərizəsini aprelin 23-də UEFA-ya təqdim etdiklərini bildirib: "Bakı 13 ölkədən biri olsa, o deməkdir ki, paytaxtımız dünyanın nəhəng şəhərləri sırasında olacaq. Ümid edirik ki, qalib gələ biləcəyik. Digər tərəfdən də bizim bölgəyə ən yaxın olan şəhər Sankt-Peterburqdur. Bölgəni yalnız Bakının təmsil etməsi bizim üçün fəxrdir. Üstəlik Gürcüstan və Türkiyə də bu məsələdə bizə dəstək verir".
Məmmədov deyib ki, 2015-ci ildə UEFA Superkubokunun Gürcüstanın paytaxtı Tiflisdə keçirilməsinin Azərbaycana da faydası dəyəcək. Belə ki, Superkubok iştirakçılarından biri oyunöncəsi Bakıda təlim-məşq toplanışı keçirəcək. O, Superkuboku qəbul edəcək ölkənin seçimində AFFA-nın Gürcüstanı dəstəklədiyini deyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər