Cənubi və Şimali Koreya 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı ortaq qərar verib.
Fanat.Az Cənubi Koreyanın "Yonhap" agentliyinə istinadən xəbər verir ki, iki ölkə olimpiadaya ev sahibliyi üçün Seul şəhərinin namizədliyini irəli sürüb.
Məlumata görə, bu barədə Koreya İdman və Olimpiya Komitəsi (KİOK) qərar qəbul edib. KİOK-un qurultayında keçirilən səsvermədə 49 komitə üzvündən 34-ü bunun leyhinə səs verib. Digər namizəd Cənubi Koreyanın Seuldan sonra ikinci böyük şəhəri Busan olub.
Qeyd edək ki, uzun illər heç bir siyasi və idman əlaqəsi olmayan Cənubi və Şimali Koreya ötən il sülh danışıqları çərçivəsində 2032-ci ilə Yay Olimpiya Oyunlarına birlikdə ev sahibliyi etmək barədə qərar qəbul etmişdi.
Şimali Koreya hələlik öz namizəd şəhərini müəyyənləşdirməyib. Amma infrastruktur baxımından paytaxt Pyonqyanqın seçiləcəyi deyilir.
İki ölkə ortaq ev sahibliyi ilə bağlı məktubunu Beynəlxalq Olimpiya Komitəsinə təqdim edəcək. Komitə oyunların hansı şəhərdə keçiriləcəyinə qərar verəcək.
Fanat.Az