"Mən "Qəbələ"nin təklifini qəbul etməmişdən əvvəl ölkə haqqında məlumat topladım. Klubun infrastrukturu, planları ilə maraqlandım. Klub prezidenti ilə danışandan sonra qərar vermək üçün vaxt istədim. Komandanın bir neçə oyununu izləyib təklifi qəbul etdim". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında "Qəbələ"də xoşbəxt olduğunu bildirib: "Mən burda xoşbəxtəm. Əlbətdə ki, komandamı daha yüksək yerlərdə görmək istəyirəm. Biz yüksək aktivliklə çalışırıq və gənclərin inkişafına daha çox vaxt sərf edirik. Məsələn, biz hər həftə əsas komanda ilə əvəzedicilər arasında matç keçiririk. Bu da gənc futbolçularımıza çox kömək edir".
Syomin Azərbaycanın inkişaf etdiyini bildirib: "Azərbaycan açıq-aşkar inkişaf edir. Bakı çox böyük meqapolis şəhərdir. Digər rayonlar da gözəldi. Burada pul futbolla yanaşı, bütün sahələrə qoyulur".
"Qəbələ"nin baş məşqçisi ölkəmizdə narazı qaldığı məqamı da açıqlayıb: "Burda xoşlamadığım tək maqam azarkeşlərin oyunlara marağının az olmasıdı. Sovet dövründə "Neftçi"nin oyunları zamanı stadion dolu olurdu. İndi isə yox. Fikrimcə, bunun əsas səbəbi Premyer Liqanın yetərincə reklam olunmamasıdı".
Syominin hamının "Qəbələ"dən uğur gözlədiyini bildirib: "Sirr deyil ki, indi hamı bizdən Premyer Liqanı yüksək yerdə bitiriö Avropaya vəsiqə qazanmağı gözləyir. Komandanın indiyəqədərki oyunu məni qane edir. Amma zəif tərəflərimiz də var. Müdafiədə daha yaxşı oynamalıyıq. Yeni transferlərin oyunu məni razı salır. Amma onlar barədə yekun rəyi may ayında verə bilərəm".