“İsraillə bərabərə qalıb, çətin vəziyyətə düşdük. “Pley-off”da oynamaq faciə deyil. Artıq seçmə mərhələnin gedişindən bilinirdi ki, biz böyük ehtimalla, qrup mübarizəsini lider qismində bitirməyəcəyik”. Fanat.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo deyib.
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan portəgizlərin mundiala birbaşa yüksəlməsi sual altına düşüb. Buna onların evdə İsraillə qollu heç-heçə etməsi səbəb olub (1:1). Ronaldo qrupda birinci yerə yüksəlmək şanslarının olduğunu da deyib: “ Birinci yerə çıxmaq şansımız da var. Lakin bunun üçün böyük hesabla qalib gəlməli və Azərbaycanın Rusiyanı məğlub etməsini gözləməliyik. Yəni hər şey yalnız bizdən yox, həm də Azərbaycandan asılıdı”.
Qeyd edək ki, oktyabrın 15-də Azərbaycanla oynayacaq Rusiyanın 21, Portuqaliyanın 18 xalı var. Kriştianonun şərəfini qoruduğu yığma son matçını öz meydanında Lüksemburqa qarşı keçirəcək.
Fanat.az