Premyer Liqa La Liqa və Bundesliqanı qabaqladı - ARAŞDIRMA

Premyer Liqa La Liqa və Bundesliqanı qabaqladı - ARAŞDIRMA
2013/14 mövsümünün ilk dövrəsində ən çox baş məşqçi dəyişikliyi edən ölkələr müəyyənləşib. Fanat.az xəbər verir ki, Yunanıstan bu siyahıda birinci olub. Yunanları Rumıniya və Rusiya izləyir. Türkiyə isə dördüncü yerdə qərarlaşıb.
13 baş məşqçi qış fasiləsini görmədi
Siyahıya başçılıq edən Yunanıstan Super Liqasında 13 baş məşqçi qış fasiləsini görməyib. Mövsümün ən erkən istefası "Veria" klubunda reallaşıb. Fasiləyədək 4 mütəxəssisin çalışdırdıcı klubda ilk istefa 2-ci turda qeydə alınıb. Qoran Stevanoviçin yerini holland Ton Kaanen gəlib. Ondan sonra posta gələn rumın Stefan Stoykanı isə XII turda serb Ratko Dostaniç əvəz edib. 
"Veria"dan "Apollon" və "Aris" 2, "Asteras", "Xanti", "PAS Giannina", OFİ, "Platanias" və "Levadiakos" 1 dəfə baş məşqçi dəyişikliyinə əl atıb.
Rumınlar 12 dəyişiklik edib
12 dəyişikliyə əl atan Rumıniya klubları Avropada ikinci olub. Mövsümün əvvəlindən 4 baş məşqçi ilə işləyən "Braşov"u rumın mütəxəssislər - Adrian Szabo, Aurel Tikleanu, Aleksandru Peliki və İlie Stan çalışdırıb. 
"Dinamo" (Buxaretst), "Vasluy, ÇFR, "Poli", "Saqeata", "Otselul", "Viitorul", "Universitatea" (*Kluj) və "Korona" bir dəfə dəyişiklik edib. 
Rusiyada 10 istefa
10 baş məşqçini yola salan Rusiya siyahıda üçüncü olub. "Kuban" və "Anji" iki, "Krılya Sovetov", "Tom", "Terek", "Ural", "Krasnodar" və Ruslan Abışovun çıxış etdiyi "Rubin" bir dəfə baş məşqçi ilə yollarını ayırıb. Son istefa Kazan klubunda yaşanıb. "Rubin"in baş məşqçisi Kurban Berdiyev bir neçə gün əvvəl postundan qovulub.
Türkiyə 4-cü oldu
Baş məşqçi dəyişikliyinə görə hazırlanan siyahıda Türkiyə dördüncü yeri tutub. Super Liqa təmsilçiləri mövsümün ilk yarısında 6 mütəxəssisi yola salıb.
Mövsümün ilk ayrılığı "Qalatasaray"da reallaşıb. Son iki mövsümdə "Qalatasaray"ı çempion edən Fatih Terim "Beşiktaş" derbisindən sonra gözlənilmədən istefaya göndərildi. Onu son iş yeri "Mançester Siti" olan Roberto Mançini əvəzlədi.
Bundan sonra daha 5 dəyişiklik baş tutub. "Gənclərbirliyi"ndə Metin Diyadini Mehmet Özdilek, "Elazığspor"da norveçli Trond Solliedi Okan Buruk, "Qaziantepspor"da Bülent Uygunu Sergen Yalçın, "Konyaspor"da Uğur Tütünekeri Mesut Bakkal, "Erciyesspor"da Fuat Çapanı Hikmet Karaman əvəzləyib. 
Türkiyə ilə yanaşı, Polşa çempionatında da 6 mütəxəssis yola salınıb.
İngiltərədə 5-i getdi
İngiltərə Premyer Liqasında 5 dəyişiklik baş tutub. 5-ci turdan sonra yalnız xalı olan "Sanderlend" italyan Paolo Di Kanyonu yola salıb və uruqvaylı Qustavo Poyeti iş başına gətirib. "Kristal Palas" 8 turda 1 qələbə qazanan inglis İan Hollovayı uelsli Toni Pulislə əvəzləyib. Təhlükəli zonadan uzaqlaşa bilməyən "Fulhem"də holland Martin Solun yerini Rene Meulensteen tutub. "Vest Bromviç" şotland Stiv Klarkeni yenicə yola salıb. 
Premyer Liqada son istefa "Tottenhem"də baş tutub. Portuqaliyalı baş məşqçi Andre Villaş-Boaş komandadan kənarlaşdırılıb və köməkçisi Tim Şervud iş başına keçib.
İngiltərə Premyer Liqası ilə yanaşı, Portuqaliya Super Liqasında da 5 baş məşqçi qış fasiləsini görməyib.
Azərbaycan Fransa və İtaliya ilə bir sırada
Topaz Premyer Liqası Fransa və İtaliya çemionatları ilə eyni sırada yer alıb. Belə ki, hər üç çempionatda 4 baş məşqçi dəyişikliyi baş verib.
Ölkəmizdə mövsümsün ilk dəyişikliyi "Rəvan"da baş verib. Ən çox baş məşqçi dəyişən klub olan "Rəvan" Ramil Əliyevi ikinci turda Vladislav Qədirovla əvəzləyib. 9-cu turda isə onun yerinə Şahin Diniyev keçib.
"Neftçi" və "Xəzər Lənkəran"ın hərəsində bir dəyişiklik olub. "Neftçi" Tərlan Əhmədovu 10-cu turda Nazim Süleymanovla əvəzləyib. "Xəzər Lənkəran" isə 14-cü turda istefa verən Con Toşakdan sonra Mustafa Dənizlini baş məşqçi postuna gətirib.
İtaliya A Seriyasında mövsümün ilk dəyişikliyi "Ceona"da yaşanıb. Klub 6 liqa matçında 1 qələbə qazanan Fabio Liveranini Gian Piero Kasperini ilə əvəzləyib. "Kataniya"da VIII turadək bir qələbə qazanan Rolando Maranı yola salaraq Luici De Kanyonu iş başına gətirib. "Kyevo"da Guzeppe Sanninonu Euqenyo Korini, "Sampdoriya"da Delio Rossini Sinisa Mihayloviç əvəzləyib.
Fransa Liqa 1-də mövsümün ilk bəxtsizi "Soşo"nun baş məşqçisi Erik Heli olub. IX həftədə istefaya göndərilən mütəxəssisi Zambiya milli komandası ilə 2012-ci ildə Afrika Millətlər Kubokunu qazanan Herve Renard əvəzləyib.
"Ayaçço" Fabrizio Ravanellinin yerinə Kristian Brakkonini, iki il əvvəl çempion olan "Monpelye" Jean Fernandesin yerinə yerine Rolland Kourbisi gətirib. 
Azərbaycan, İtaliya və Fransa ilə birlikdə Çexiya, Belçika və Ukraynada da mövsümün ilk yarısında 4 baş məşqçi qovulub.
Almaniya və İspaniyada 3 dəyişiklik
Almaniya və İspaniyada 3 baş məşqçi yola salınıb. Almaniya Bundesliqasında hər 3 mütəxəssis ilk 9 turdan sonra istefa verməli olub. 3 turda qələbəyə həsrət qadan "Ştutqart"ın baş məşqçisi Bruno Labbadianı Tomas Şkneyder, mövsümə uğursuz başlayan "Hamburq"da Torsten Finki Bert van Marviyk, 9 həftədə qalib gələ bilməyən "Nürnberq"də Mixael Viesingeri Qertjan Verbeek əvəzləyib.
Birinci dövrənin başa çatmasına 2 həftə qalmış İspaniyada ilk uğursuz "Osasuna"nın baş məşqçisi Joze Luis Mendilibar olub. İlk 3 turda məğlub olan mütəcəssisi Xavi Qrasiya əvəzləyib. 15-ci turda sonuncu pillədə yer alan "Real" Pepe Melin əvəzinə Xuan Karlos Qarridonu iş başına gətirib. 
Almaniya və İspaniya kimi Hollandiya da ilk dövrədə 3 mütəxəssis qovulub.
Ən az dəyişiklik Danimarkada...
Avropanın milli çempionatları arasında ən az dəyişikliyə gedən ölkə Danimarka olub. Super Liqada cəmi bir dəyişiklik edilib ki, bu da ölkənin ən köklü klubu olan "Kopenhagen"də baş tutub. Paytaxt təmsilçisi belçikalı Ariel Yakobsun yerini Stale Solbakkena verib.
1. Yunanıstan - 13
2. Rumıniya - 12
3. Rusiya - 10
4. Türkiyə, Polşa - 6
5. İngiltərə, Portuqaliya - 5
6. Azərbaycan, Fransa, İtaliya, Belçika, Ukrayna, Çexiya - 4
7. Almaniya, İspaniya, Hollandiya - 3
8. İsveçrə, Avstriya, Şotlandiya, Macarıstan - 2
9. Danimarka - 1
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər