İsrail Futbol Federasiyasının (İFF) prezidenti Avi Luzon ölkədə qarşılanan Yeni il münasibəti ilə yığma komandayla görüşüb. Fanat.az xəbər verir ki, Bibras Natxo, Dudu Avat, Yuval Şpungin və Dekel Keynanı ötən tsikldə sərgilədikləri oyuna görə mükafatlandıran başqan qarşıdakı rəsmi matçların önəmini xatırladıb.
O, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrail millisinin səfərdə Rusiya ilə keçirəcəyi oyun haqda danışmaq istəməyib: “Biz bu gün böyük bayramı qeyd edirik. Amma toplaşmağımızın əsas səbəbi Azərbaycanla şənbə günü oynanılacaq matçdı. Öncə Azərbaycanı yenməliyik. Yalnız bundan sonra Rusiya ilə oyundan danışmaq olar”.
Luzon arxayınlaşmağa əsas olmadığını qabardıb: “Kağız üzərində favorit olmaqla, meydana çıxıb qələbə qazanmaq fərqli anlayışlardı. Oyunun nəticəsini proqnozlar müəyyənləşdirmir. Şənbə günü “qələbə qazanacağıq” demək yox, matça yüksək səviyyədə köklənib zəfəri reallaşdırmaq lazımdı. Ən böyük arzum İsrail yığmasını dünya çempionatında görməkdi”.
Fanat.az