"Milan" tarixinin ən çətin dönəmlərindən birini yaşayır. Fanat.az xəbər verir ki, İtaliya klubu son 27 ilin ən pis mövsümünü keçirir.
Silvio Berlusekoninin 1986-ci ildə komandanın başına keçməsindən sonrakı 27 ildə belə vəziyyətə düşməmişdi. Cari mövsümün 17 turunda 19 xal toplayan "Milan" 13 pillədə qərarlaşıb və təhlükəli zonadan cəmi 5 xal öndədi. Komanda Massimiliano Allegrinin başçılığı altında 4 qələbə qazanıb, 7 heç-heçə edib və 6 dəfə uduzub. Rəqib qapılarına 25 qol vuran "Milan" 26 dəfə məyus olub.
1986-cı ildən sonra "Milan" 17 turda ən pis nəticəni 1997/98 və 2007/08 mövsümlərində göstərmişdi. Həmin illərdə komanda XVII turu 9-cu pillədə başa vurub. A Seriyası təmsilçisi 27 ildə ilk dəfə 17 turu 20 xaldan az göstərici ilə başa vurub.
Oyun alqı-satqısı səbəbindən 2005/06 mövsümünə -30 xalla başlayan "Milan" ilk 17 turda 12 qələbə qazanmış və 1 heç-heçə etmişdi. Eyni səbəbdən -8 xalla başladıqları 2006/07 mövsümündə isə komanda XVII turdan sonra 6 qələbə və 7 heç-heçə ilə cari mövsümdən daha uğurlu çıxış etmişdi.
"Milan" 2 xal sisteminin tətbiq olunduğu 1993/94 mövsümündən öncə də 17 turu 20-dən əskik xalla bitirməmişdi.
Silvio Berluskoni 27 ildə komandanı 10 mütəxəssisə həvalə edib. "Milan" ən uğurlu dönəmini Fabio Kapello ilə yaşayıb. Komanda 80-ci illərin sonunda Arrigo Sakçi qurmağa başladığı uğurlar seriyasını 90-cı illərin əvvəlində Kapello ilə daha yüksək səviyyəyə çatdırıb.
Sakçi ilə 1987/88 mövsümündə İtaliya çempionu olan komanda ardıcıl iki mövsümdə Çempionlar Liqasını qazanmışdı (1988/89, 1989/90). Onun ardınca komandanın başına keçən Kapello isə "Milan"ı 4 dəfə İtaliya çempionu (1991/92, 1992/93, 1993/94, 1995/96) və Çempionlar Liqasını qazandırmışdı (1993/94).
"Milan" Berluskoninin prezidentlik etdiyi 27 ildə bir çox uğurlara imza atıb. Bu müddətdə 8 dəfə İtaliya çempionu olan komanda, 1 dəfə ölkə kubokunu, 6 dəfə İtaliya Super Kubokunu, 5 dəfə Çempionlar Liqasını, 5 dəfə Avpopa Super Kubokunu, 2 dəfə isə klublararası dünya çempionluğunu qazanıb.
Fanat.az