AZAL hazırlıqlara başlayıb. Fanat.Az xəbər verir ki, komanda ayın 5-dən Şüvəlanda hazırlıq keçir.
Hələlik "təyyarəçilər" trenajor zalında məşq etməklə və dəniz kənarında qaçmaqla kifayətlənir.
Komanda yanvarın 11-də ilk yoxlama oyununu "Qaradağ Lökbatan"a qarşı keçirəcək. Ayın 14-ə bir oyun nəzərdə tutulsa da, rəqib hələ bəlli deyil. 3 gün sonra isə Tərlan Əhmədov komandanı "Kəpəz"lə oyunda sınayacaq.
Bu arada komandanın düşərgəsinə yeni futbolçu gəlib. Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu Alamadine Robertsdi.
Liberiyadan olan yarımmüdafiəçi baxışa gəlib. Baş məşqçi onunla bağlı qərarını yaxın günlərdə verəcək.
Qeyd edək ki, Alamadine Roberts Avropaya gələnə qədər vətənində "Gedi & Sons", Fil Dişi Sahilində "Seve Sports", Kamerunda "Tiko United", Konqoda "Diables Noirs" və Malidə "Serkl Olimpik" klublarında oynayıb.
2012-ci ildə Avropaya üz tutan 27 yaşlı yarımmüdafiəçi Serbiyanın "Sloboda", "Smederevo", "Srvena Zvezda", "Borats" və Çernoqoriyanın "Mladost" (Podqoritsa) klublarında forma geyinib. Onun son iş yeri Serbiyanın "Donji Srem" klubu olub.
Alamadine Roberts Liberiya yığmasında 7 oyun keçirib və 1 qol vurub.

Fanat.Az