Millətlər Liqasındakı ilk oyununu İsveçə qarşı keçirən Azərbaycan millisi 1:3 hesabı ilə məğlub oldu. Portuqaliyalı mütəxəssis Fernandu Santuşun rəhbərliyi altında Bakıda azarkeşlərini sevindirə bilməyən təmsilçimizin çıxışını millinin sabiq üzvü, tanınmış futbol mütəxəssisi Aslan Kərimovun dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyuna həm pozitiv, həm də neqativ yanaşa bilərik. Pozitiv məqam budur ki, biz İsveçlə oyunda çox sayda qol imkanı yaratdıq. Rəqibin hücumameyilli oyunçularının ustalıq səviyyəsini vurğulamaq vacibdi, bu, öz yerində. Skandinaviya təmsilçisinin sürətli oynaya bilən, yüksək səviyyəli klublarda çıxış edən ön xətt oyunçularının fərdi gücü unudulmamalıdır. Millinin nəinki İsveç, hansısa ortabab rəqiblə oyunda belə, bu sayda qol epizodu yaxaladığı yadıma gəlmir. Heç ötən il onları 3:0 hesabı ilə yendiyimiz matçda da bu sayda təhlükəli vəziyyətimiz olmamışdı. Bu sayda imkanı boşa vermək və yekunda 1:3 hesabı ilə uduzmaq isə təbii ki, neqativ reallıqdır.
Ən böyük çatışmazlıq yığmanın komanda şəklində müdafiə oluna bilməməsi idi. Yəni müdafiə olunarkən çox boşluqlar verirdik. Hücumçular komanda müdafiə olunarkən vaxtında geri qayıtmaq, mövqeləri bağlamaq işinin öhdəsindən gəlmirdilər. Top itkiləri zamanı aqressiv müdafiə baxımından ciddi çatışmazlıqlar sezilirdi. Tutaq ki, topu itirən yarımmüdafiəçi onun geri alınmasına nail ola bilmirsə, şübhəsiz, rəqib hücumda say üstünlüyü qazanır. Müasir futbolda müdafiədən hücuma çıxarkən, eləcə də qapanarkən hər saniyənin öz hökmü olduğunu anlamaq mütləqdir. Yeddi-səkkiz saniyə çox həlledicir. Belə deyildi, amma dəstək mütləqdir. Demirəm ki, müdafiəçilərimiz ideal oynadılar, amma yarımmüdafiəçilər və hücumçular onlara dəstək olmadılar. Açığı, bu matçın heç-heçə bitəcəyini düşünürdüm. Qol epizdolarının sayına baxsaq, bərabərlik qeydə alınmalı idi.
İlk hissədə də rəqibin qol epizodları var idi. Ancaq fasiləyədək yaxşı oynadığımızı düşünürəm. Birinci yarının sonlarında qazandığımız penalti ən azı heç-heçəyə səbəb ola bilərdi. O penaltini niyə Emin Mahmudovun yox, Ramil Şeydayevin vurması sual yaratdı. Düzdür, Ramili də başa düşürəm. Millinin heyətində məsuliyyət hissi çox olur. Bəzən də ifrat məsuliyyət çiyinlərə ağırlıq edir. Göründüyü qədərilə Ramil soyuqqanlı ola, işinin öhdəsindən gələ bilmədi. Bu, Şeydayevə mənfi mesaj deyil. Dünya ulduzları da bəzən penaltini qola çevirməyi bacarmırlar. Digər tərəfdən, komandanın ştatlı penalti vuranı varsa, Şeydayevin niyə bu işi öz üzərinə götürdüyü sual doğurur".
Nihat