AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan İtaliya və Bolqarıstan milliləri qarşılaşıb. Fanat.az xəbər verir ki, İtaliya millimiz üzərində 2:1 hesabı ilə qələbə qazandığı Pelermonun Rentso Barbera adına stadionunda Bolqarıstanı 6-cı dəqiqədə vurduğu penalti qolu hesabına məğlub edib - 1:0.
Hər iki komanda bir qırmızı vərəqə alıb. İtaliya millisindən "Roma"nın yarımmüdafiəçisi Daniel de Rossi, Bolqarıstandan isə ötən mövsüm Almaniyanın "Karlsrue" klubunda Dmitri Nazarovun komanda yoldaşı olmuş, hazırda Koreyada çıxış edən İliyan Mitsanski ikinci hissədə bir-birinə qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılıblar. Bu isə o deməkdi ki, hər 2 futbolçu üçün seçmə mərhələ başa çatıb.
Beləliklə, de Rossi oktyabrın 10-da Bakı Olimpiya stadionunda millimizə qarşı görüşdə meydana çıxa bilməyəcək. Bolqarıstanın Bakıda 2:1 hesabı ilə qalib gəldiyi görüşdə yığmamıza qol vurmuş Mitsanski isə oktyabrın 13-də millimizlə oyunda meydanda olmayacaq.
Fanat.az