"Mançester Siti"dən ayrılan Manuel Pellegrini ilə bağlı yeni xəbər yayılıb. Fanat.az xəbər verir ki, çilili mütəxəssisin İtaliyada çalışacağı bildirilir.
İddia olunur ki, Pellegrini "Milan"la müqavilə imzalamaq üçün İtaliyaya yollanıb. Məlumatı Çili mətbuatı yayıb.
"La Segunda" qəzeti iddia edir ki, 62 yaşlı mütəxəssis istirahət etmək niyyətində deyil və hazırda İtaliyada "Milan" rəsmiləri ilə danışıqlar aparır.
Bir neçə gün əvvəl "Milan"ın "Sevilya"nın baş məşqçisi Unai Emeri ilə danışıqlar apardığı deyilirdi. Amma bu mütəxəssis PSJ-nin də hədəfindədi. Buna görə də İtaliya klubu Pellegrini ilə danışıqlara başlayıb. Tərəflər müqavilə bağlasa, "Milan" Kristian Broççi ilə yollarını ayıracaq.
Qeyd edək ki, son iş yeri "Mançester Siti" olan Manuel Pellegrini əvvəllər Çilidə "Universidad de Çili", "Palestino", "O`Higgins", "Universidad Katolika", Ekvadorda "LDU Quito", Argentinada "San Lorenzo", "River Pleyt", İspaniyanın "Vilyarreal", "Real" və "Malaqa" klublarını çalışdırıb.
Fanat.az