“Azərbaycan futbolunda tarixi oyuna - "Çelsi"-"Qarabağ" matçına sayılı dəqiqələr qalıb. 100-dən artıq ölkəyə canlı yayımlanacaq oyun ərəfəsində beynəlxalq dərəcəli hakim Tahir Süleymanov Londondakı duel haqda Fanat.Az-a danışıb:
“Futbol çoxdan idman növü sərhədlərini aşıb. Futbol eyni zamanda, siyasət, mədəniyyət, iqtisadiyyat, biznesdir. Qarabağ adlı təmsilçimiz Çempionlar Liqasının qrupundadırsa, bu, Qarabağın Azərbaycana aid olmasını dünyaya göstərmək şansıdır.
"Çelsi"nin bir futbolçusunun dəyəri "Qarabağ"ın 10-15 illik büdcəsi deməkdir. Azarkeşlər eyforiyaya qapılmamalı, nəticədən asılı olmayaraq qrup oyunundan zövq almalıdır. "Qarabağ" çəkinmədən, nəticəni düşünmədən Azərbaycan futbolunu layiqincə təmsil etməyə çalışmalıdır.
Bu görüşə çıxmaqla "Qarabağ" artıq qalibdir. İstəyim o olar ki, Mahir Mədətov kimi bir-iki futbolçumuz qrup oyunlarından sonra Avropanın aparıcı klublarına transfer olunsun. Bu, "Qarabağ"ın qrupu təmin etməsindən sonra Azərbaycan futbolu adına ən böyük uğur olar. Uğurlar, "Qarabağ"!
Fanat.Az