Aropanın "Böyük beşlik" ölkələrinin - İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa - klubları arasında ən məhsuldar və ən az qol buraxan komanda müəyyənləşib. Fanat.az xəbər verir ki, "Barselona" ən çox qol vuran, "Roma" ən az qol buraxan komandadı.
"Barselona", "Real", "Atletiko"...
İspaniya Liqasında 14 turundan sonra 13 qələbə və 1 heç-heçə ilə turnir cədvəlinə başçılıq edən "Barsa" bu müddətdə 42 qol vurub. Orta hesabla hər oyunda 3 qol vuran kataloniyalılar həm ümumi, həmi də hər matçda vurduğu qollara görə təkcə La Liqada yox, həm də "Böyük beşliy"in digər çempionatlarında çıxış edən klubları arxada qoyub. Ötən mövsüm İspaniya çempionu olan "Barselona"nın 42 qol vurmasında aktivində 8 top olan Aleksis Sançes və Lionel Messinin, həmçinin 7 dəfə fərqlənən Pedronun böyük əməyi var.
"Barselona"nı 14 oyunda 40 dəfə fərqlənən "Real" izləyir. "Kral Klubu" hər oyunda orta hesabla 2,85 dəfə rəqib qapıçıları məyus edib. Paytaxt təmsilçisinin bu qədər qol vurmasının əsas səbəbkarı 17 topla bombardirlər yarışına başçılıq edən Kriştiano Ronaldodu. Fransalı Kərim Benzema 7, ispan İsko isə 5 dəfə fərqlənib.
"Atletiko" 14 oyunda rəqib qapıçıları 38 dəfə məyus edib ki, bu da hər oyuna orta hesabla 2,71 top deməkdi. Bu qollardan 14-nü Dieqo Kosta rəqib qapılarından keçirib. David Vilya isə 8 dəfə fərqlənib.
İngiltərə Premyer Liqasının 12 turundan sonra 22 xalla 4-cü pillədə qərarlaşan "Mançester Siti" rəqib qapıçıları 34 dəfə məyus edib və orta hesabla hər matçda 2,83 dəfə fərqlənib. Mançester təmsilçisinin 34 qolunun 10-da argentinalı Serxio Aqueronun imzası var. Yaya Ture və Alvaro Neqredo isə rəqib qapıçıları 5 dəfə məyus edib.
Avropanın ən çox qol vuran klubları
Qol sayı:
1. Barselona (İspaniya) - 42
2. Real (İspaniya) - 40
3. Atletiko (İspaniya) - 38
4. Mançester Siti (İngiltərə) - 34
5. Borussiya D (Almaniya) - 32
Orta hesabla:
1. Barselona (İspaniya) - 3
2. Real (İspaniya) - 2,85
3. Mançester Siti (İngiltərə) - 2,83
4. Atletiko (İspaniya) - 2,71
5. Borussiya D (Almaniya) - 2,46
"Roma" qapısını "qıfıllayıb"
A Seriyasında oynadığı 13 matçda qapısında cəmi 3 qol görən "Roma" sanki qapısının ağzını "qıfıllayıb". İtaliya paytaxtının eyniadlı təmsilçisi hər oyunda orta hesabla 0,23 qol buraxır. Bu uğurda italyan qapıçı Morqan De Sanktis qədər Leandro Kastan, Mehdi Benatiya, Maykon və Dododan qurulmuş inamlı müdafiə xəttinin də böyük əməyi var.
Qeyd edək ki, "Roma" cari mövsümdə A Seriyasında "Parma" (3:1), "Torino" (1:1) və "Sassuolo" (1:1) oyunlarda qol buraxıb, qalan matçlarda rəqibləri qapısına yaxın buraxmayıb.
"Lill" rekorda doğru...
Avropanın "Roma"dan sonra ən az qol buraxan komandası "Lill"di. Fransa çempionatında PSJ-dən 4 xal geri qalaraq ikinci pilləni tutan komanda 14 oyunda cəmi 4 qola üzülüb. Liqa 1-in 5-ci turunda "Nitsa"ya 0:2 hesabı ilə yenilən "Lill" həmin qarşılaşmanın 45-ci dəqiqəsindən sonra 855 dəqiqə qapısını toxunulmaz saxlaya bilib. Fransa klubunun bu uğurunda nigeriyalı qapıçı Vinkent Enyeama, həmçinin Simon Kyaer, Marko Basa, Frank Beriya və Pape Souare kimi müdafiəçilər böyük rol oynayıb.
"Lill" hər oyunda orta hesabla 0,28 qol buraxmaqla ötən mövsüm Çempionlar Liqasını, Almaniya çempionluğunu və kubokunu qazanan "Bavariya"nı geridə qoyub. 7 top buraxan Münhen təmsilçisi hər oyunda orta hesabla 0,54 dəfə məyus olub.
Avropanın ən çox qol buraxan klubları
Qol sayı:
1. Roma (İtaliya) - 3
2. Lill (Fransa) - 4
3. Bavariya (Almaniya), Soutqempton (İngiltərə) - 7
4. PSJ (Fransa), Barselona (İspaniya) - 8
5. Atletiko (İspaniya) - 9
Orta hesabla
1. Roma (İtaliya) - 0,23
2. Lill (Fransa) - 0,28
3. Bavariya (Almaniya) - 0,54
4. PSJ (Fransa), Barselona (İspaniya) - 0,57
5. Soutqempton (İngiltərə) - 0,58
Fanat.az