Bu gün "Bakı-2015" I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub. Fanat.az xəbər verir ki, ikinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq gətirib.
Yığmamız bu gün də bütün çəki dərəcəsində təmsil olunub. Elvin Mürsəliyev (75 kq) qızıl, Sabah Şəriəti (130 kq) gümüş, Həsən Əliyev (66 kq) bürünc medal qazanıb. İlk gündə isı Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib çıxmışdı.
Yunan-Roma güləşi
66 kq
Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşacaq. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb. Dünya çempionumuz bu sınaqdan da uğurla çıxıb - 3:0. Həmyerlimiz yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşıb. Təəssüf ki, 3:0 hesabı ilə öndə olan Həsən üstünlüyünü qoruya bilməyib və 5:8 hesabı ilə uduzub. Buna baxmayaraq, o, bürünc medal uğrunda döyüşüb. Aleksandr Maksimoviçli (Serbiya) 3:0 hesabı ilə yenən Əliyev bürünc medala sahib çıxıb.
75 kq
Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulub. Slovakiyalı Riçard Riqo ilə üz-üzə gələn həmyerlimiz çətinlik çəkmədən 1/8 finala yüksəlib - 8:0. Bu mərhələdə İonel Puskasu (Rumıniya) ilə gücünü yoxlayan pəhləvanımız 1/4 finala çıxıb - 2*:2. Mürsəliyev 1/4 finalda daha güclü - rusiyalı Çingiz Labazanovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma yenə Elvinin xeyrinə başa çatıb - 4:2. Pəhləvanımız yarımfinalda cətinliklə üzləşib. Lakin o, 1:2 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq sayəsində qalib gəlib - 3:2. Elvin finalda serbiyalı Viktor Nemeslə qarşılaşıb. Görüş Mürsəliyev üçün elə çətin keçməyib. Güləşçimiz 5:1 hesabı ilə qalib gələrək yığmamıza 6-cı qızıl medalı qazandırıb. Bu isə ümumilikdə 12-ci mükafatımız olub.
85 kq
Millimizin liderlərindən olan Saman Təhmasibi ilk döyüşdə italiyalı Fabio Parisi (İtaliya) ilə qüvvəsini sınayıb və rəqibini 8:0 hesabı ilə üstələyib. Güləşçimiz 1/4 finalda Ermənistan təmsilçisi Maksim Manukyanla güləşib. Görüş rəqibin 9:0 hesablı qələbəsi ilə başa çatıb. Manukyan finala yüksələ bilmədiyindən, Təhmasibi Oyunlara erkən vida edib.
130 kq
Komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi (Ukrayna) ilə güləşib. Təmsilçimiz 8:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Yakobi Kajaya (Gürcüstan) qüvvəsini sınayıb və yenə qələbəyə sevinib - 5:2. Şəriəti finala gedən yolda İosib Çuqoşvilini (Belarus) xalçaya dəvət edib. Milliləşdirilmiş pəhləvanımız 5:0 hesablı qələbə ilə finala yüksəlib və ən azı gümüş medalı təmin edib. Sabahın həlledici görüşdə rəqibi türkiyəli Rza Kayaalp olub. İdmançımız türk rəqibinə yenilərək gümüş medalla kifayətlənib - 3:1.
Qeyd edək ki, yunan-Roma yarışın ilk günündə Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medal qazanıb.
Fanat.az