"Bakı-2015": Cüdo yığmamızdan fiasko - YENİLƏNİB

"Bakı-2015": Cüdo yığmamızdan fiasko - YENİLƏNİB
"Bakı-2015" I Avropa Oyunlarında cüdo yarışları davam edir. Fanat.az xəbər verir ki, bu gün daha 4 çəki dərəcəsində medalçılar məlum olacaq.
 
Azərbaycan yığmasının 5 cüdoçusu mübarizə aparıb. 2 çəkidə təmsil olunmadığımız halda, 2 çəkidə 2 idmançımız tatamiyə çıxıb. Lakin onların çıxışı uğursuz olub. Bütün cüdoçularımız uduzaraq medalsız qalıb.
Qeyd edək ki, cüdo yığmamız yarışın ilk günündə 1 gümüş medal qazanıb. 60 kq çəki dərəcəsində Orxan Səfərov yalnız finalda məğlub olub.
 
Kişilər
73 kq
Azərbaycanı bu çəkidə təmsil edən Rüstəm Orucov 1/32 final mərhələsini azarkeş kimi izləyib. O, 1/16 finalda Kristofer Voelkə (Almaniya) qalib gələn Yaromir Yezeklə (Çexiya) qüvvəsini sınayıb. Yay Olimpiya Oyunlarının iştirakçısı döyüşə inamlı başlasa da, yekunda məğlubiyyətə üzülüb. O, 86-cı saniyədə ippona düşüb. 
Qadınlar
63 kq
Bu çəkidə iki idmançımız çıxış edir və hər ikisi 1/16 finaldan mübarizəyə başlayacaq. Xanım Hüseynova Makedoniya cüdoçusu Nikolosko Katerina ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən döyüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Hüseynova son saniyələrdə tətbiq etdiyi yuko sayəsində 2:1 hesabı ilə qalib gəlib. O, 1/8 finalda fransalı dünya çempionu Klariss Aqbenenu ilə üz-üzə gəlib və komanda yoldaşları kimi mübarizəni dayandırıb. Hüseynova 56-cı saniydə ipponla məğlub olub.
 
Yığmamızın bu çəki dərəcəsində digər cüdoçusu Nuriyyə Axundova kifayət qədər təcrübəli Aqata Ozdoba (Polşa) ilə qarşılaşıb. Lakin döyüş həmyerlimiz üçün uğursuz alınıb. Axundova rəqibi qarşısında cəmi 21 saniyə tab gətirə bilib. 
70 kq
Azərbaycan yığması bu çəkidə də iki cüdoçu ilə təmsil olunub. Millimizin üzvü Nərgiz İbrahimova 1/16 finalda özündən 10 yaş kiçik olan xorvatiyalı Barbara Matiçi sınağa çəkib. Təəssüf ki, o startdaca Oyunlara vida edib. İbrahimova 61-ci saniyədə ipponla uduzub.  
Gənc idmançımız Validə Mirzəzadə də ümidləri doğrultmayıb. 1/16 final mərhələsində özündən 7 yaş böyük olan Roksana Teymansla (Belçika) qarşılaşan həmyerlimiz döyüşü sonadək davam etdirə bilməyib. O, 112-ci saniyədə ipponla mübarizəni dayandırıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər