Bakı şahmat məktəbinin yetirməsi, hazırda İsrail yığmasının şərəfini qoruyan Emil Sutovskinin chesspro.ru saytında Şahmat Olimpiadasının yekunlarına dair yazısı dərc olunub. Fanat.az xəbər verir ki, beynəxalq qrossmeyster Azərbaycan yığmasının medalsız qalmasının başlıca səbəbi kimi Teymur Rəcəbovun uğursuz çıxışını göstərib.
"Azərbaycan yığması turniri əla keçirdi. Demək olar ki, bütün favoritlərlə qarşılaşan (onların günahı deyil ki, Rusiya liderlər qrupuna gec qoşuldu, Ermənistan isə ümumiyyətlə, bunu bacarmadı) azərbaycanlılar yolüstü güclü Fransa, ABŞ və Kuba üzərində qələbə qazandılar. Uşaqlar alovlu oynayırdılar, baxmayaraq ki (bəlkə elə buna görə?) axşamlar bu alovu bir qədər də alışdırırdılar (böyük ehtimalla Sutovski burada milli üzvlərimizin partiyalardan sonra pivə içməklərini nəzərdə tutur - red.). Yəqin ki, burada ümumi resept yoxdu və hər şey kapitanın oyunçuları lazımı dalğaya kökləməyə bacarmasından asılıdı. Məmmədyarov sökürdü, Məmmədov, Səfərli və Hüseynov inamlı təsir bağışlayırdılar. Təəssüf, ümumi uğur üçün komandaya azacıq nəsə çatmadı. Londonda keçirilən iddiaçıların turnirində aldığı nokautdan sonra Rəcəbovun hələ də özünə gələ bilməməsi Tromsödə də özünü göstərdi. Teymur bacardığını nümayiş etdirə bilsəydi, komanda qızıl medallar uğrunda mübarizə aparmağa qadir idi. Ancaq görünən budu ki, uşaqlar özlərinə inandılar. Aleksandr Xalifman komandada lazımi ab-havanı yarada bilib. Hətta Rauf Məmmədov və Qədir Hüseynovu inandaıra bilib ki, fili g7 xanasına çıxarmaq mütləq deyil. Gizlətmirəm, bir sıra partiyalarda öz zəhmətimin izlərini görmək də mənə olduqca xoş idi. Axı Şəhriyar istisna olmaqla, onların hər biri ilə müəyyən vaxtlarda məşğul olmuşam. Düşünürəm ki, 2016-cı ildə Bakıda keçiriləcək Olimpiadada Azərbaycan yığması qarşısına ən yüksək məqsədlər qoya bilər. Və nəinki qoya, hətta buna nail də ola bilər".
Fanat.az