"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda evdə qolsuz bərabərliyə razılaşdığı Çexiya "Viktoriya"sına (Plzen) 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.
"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında görüşü dəyərləndirib:
"Maraqlı oyun izlədik. Düzdür, sonda həddindən artıq məyus olduq. Əslində, "Viktoriya"nın Bakıdakı oyuna nisbətən daha öndə oynayacağını düşünürdüm. Bilmirəm "Qarabağ"ın texniki heyəti və məşqçilər korpusu sistemin dəyişəcəyini gözləyirdilər, ya yox, amma rəqibin sistemini bu qədər dəyişəcəyini gözləmirdim. 5-li yox, 4-lü müdafiə ilə oynadılar. 4-2-3-1 sxemi ilə önə çıxdılar. Daha aktiv oynamağa başladılar.
İlk 20 dəqiqədə "Viktoriya" daha çox hücum etdi. Amma bizim də əks-hücumlarımız oldu və elə yaratdığımız ilk qol vəziyyətini də qola çevirə bildik. Bu, bizim üçün böyük bir üstünlük oldu. Amma ikinci hissədə zədələr, müdafiənin mərkəzində Medinanın yoxluğu oyunu nisbətən "Viktoriya"nın lehinə çevirdi.
Ümumulikdə baxsaq, "Viktoriya" tərəfdən qapıya iki təhlükəli vəziyyət oldu ikisi də qolla nəticələndi. Burda qapıçının səhvini də qeyd etməyə dəyər. Amma qınamaq da istəmirəm. Belə oyunlarda bəzən görürsən ki, qapıçılar təzyiq altında səhv edirlər. Sözsüz ki, buraxdığımız birinci qol oyunçuların motivasiyasını aşağı saldı. Ardınca isə ikinci qolu buraxdıq. İki səhv bizi Çempionlar Liqasının qrupundan məhrum etdi. Məncə, bu, psixoloji durum idi. Çünki oyun baxımından "Viktoriya"nı üstələmişdik. Amma yenə də deyirəm ki, bu, futboldur. Futbolda bu cür hallar baş verir. İllər sonra "Viktoriya" yenə də bizi Çempionlar Liqasından kənarlaşdırdı".
Röya Kərimli