"Mən də “Neftçi”də qalmaq istəyirdim. Lakin onların təklifi məni qane etmədi. Sonra isə “Kolo-Kolo”dan dəvət aldım. Onların təklif etdiyi maliyyə şərtləri heç də “Neftçi”nin təklifindən geri qalmırdı. Vətəndə oynamaq imkanının yaranması da öz sözünü dedi və “Kolo-Kolo”nu seçdim". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq futbolçusu Nikolas Kanales deyib.
1news.az saytına müsahibə verən çilili forvard Azərbaycana qayıtmaq istədiyini bildirib: "Əlbəttə ki, Azərbaycana qayıtmaq istəyərdim. Təbii ki, bu məsələdə mənim üçün ən yaxşı variant “Neftçi”di. Bu komandada özümü yaxşı hiss edirəm. Lakin təklif olarsa, Azərbaycanın başqa yaxşı klubuna da keçərəm. “Neftçi”yə keçidimin həll olunması haqda deyilənlər isə yalandı. Mənim işlərimlə agentim məşğul olur. Nə mənə, nə də ona heç bir rəsmi təklif olunmayıb".
"Neftçi"də oynadığı vaxt az qala hər oyunda qol vuran Kanales Çilidə bu məhsuldarlığı davam etdirə bilmir. Futbolçu bunu belə izah edib: “Kolo-Kolo”ya keçəndə qol vurmağa başladım. Lakin zədələnib, 2 aylıq sıradan çıxdım. Sonra isə “Uonderers”ə icarəyə verildim. Bu komanda da ümumi problemlər üzündən uğursuz çıxış edir".
Çilili forvard "Neftçi" azarkeşlərinə təşəkkür edib: "Neftçi" azarkeşlərinin hamısına təşəkkür edirəm. Azərbaycanda oynadığım müddətdə də onların dəstəyini hiss edirdim. Onların bəziləri ilə indi də əlaqəm var".
Fanat.az