"Mərhələni keçən tərəf biz olacağıq" - Aslan Kərimov

"Mərhələni keçən tərəf biz olacağıq" - Aslan Kərimov

Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" klubunu qəbul edən "Qarabağ" oyunu 0:0 hesablı heç-heçə ilə başa vurdu. "Köhlən atlar" qitənin ən nüfuzlu turnirinin qrupuna adlamaq üçün cavab matçını avqustun 23-də Plzendə keçirəcək.

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında dünənki görüş və qarşıdakı cavab oyunu barədə fikirlərini bölüşüb:

"Belə oyunlara baxıb ondan əvvəlki müsahibələrimi oxuyanda özümü Nostradamus kimi hiss edirəm. Əlbəttə ki, zarafatdır. Sizin sualiniza cavab olaraq qeyd edim ki, rəqibin müdafiədən oynaması gözlənilən idi. Daha öncə də qeyd etmişdim ki, rəqib "ikinci skripka" olaraq çıxış edəcək. Bu təkcə mənə yox, "Viktoriya"nın öncəki oyunlarını izləyib analiz edən bir çox mütəxəssisə aydın idi. Məsələn, "Şerif"lə oyunda "Viktoriya"nın rəqibin səhvlərindən faydalanmağa üstünlük verdiyi müəyyən olunurdu. Yaranan əks-hücumlardan və standart vəziyyətlərdən qollar vurmaq da "Viktoriya"ya xas olan oyun üslubudur. Dünən baş tutan oyundan öncə olan müsahibələr və açqılamalar da onu göstərirdi ki, rəqib "Qarabağ"a ehtiyatla yanaşır. Onlar "Qarabağ"ın hücumunda yer alan futbolçularının qarşısının alınmasının lazım olduğunu gözəl bilirdilər. Bunun da öhdəsindən gəlmək üçün kompakt və belə desək, dərin müdafiə olunmaq lazımdır. Vadjinin sürətinə baxası olsaq, görərik ki, sürətlə iki oyunçunu birdən keçirdi. "Viktoriya" hücumları bir az öndə qarşılasaydı, əminəm ki, bizim 7-8 qol imkanımız olardı. 

Bütün bunlara baxmayaraq, düşünürəm ki, hər iki komanda bir-birini yaxşı analiz etmişdi. Hər iki tərəf rəqibinin zəif və üstün tərəflərini bilirdi. Gözləntilər də doğru çıxdı. "Qarabağ" çox gözəl bilirdi ki, rəqib dərin müdafiə olunacaq. Buna rəğmən, Ağdam təmsilçisi həmin o səddi keçərək qol fürsətləri yaxalayırdı.  

Vadji o qədər qaçırdı, qol imkanları yaradırdı... Seneqallı hücumçunun mübarizələri də əladır, amma qol duyumunun nisbətən aşağı olması açıq-aşkar görünürdü. Ümumilikdə götürsək, o, üç vəziyyətdən birində qol vurur, ikisini boşa verir. Ondan əlavə, Kadinin qapıya vurduğu zərbələr elə də yaxşı alınmırdı. 

Oyundan sonra yazılanlara baxıram, daha çox qapıçıları tərifləyirlər. Bəli, səviyyəli bir qapıçıdır, amma rəqib qapısına elə də keyfiyyətli zərbələr vurmadıq ki, burada qapıçı tərif obyektinə çevrilsin. 

"Viktoriya"nın da qapımız qarşısında yaratdığı vəziyyətlər təhlükəli idi. Çexlər bunu zaman-zaman göstərdilər. Hərdən bir arı kimi bizi sancırdılar. Onların yerinə yetirdikləri künc zərbələri zamanı demək olar ki, qapı xəttindən uzaqlaşdırırdıq. Bunlar yüzdə yüz qol imkanları idi. Əlbəttə, "Qarabağ" bunu öncədən bilirdi. Əminəm ki, məşqçi heyəti "Viktoriya"nın oyununu bizdən beşqat artıq səviyyədə analiz etmişdi. Qurban Qurbanovun standart vəziyyətlərdə qapının içinə iki futbolçu qoyması bunu deməyə əsas verir. "Qarabağ" bütün təhlükələri sovuşduraraq qapısını toxunulmaz saxladı. Amma təəssüf ki, qol da vura bilmədik" 

49 yaşlı mütəxəssis "Qarabağ"ın Çexiyada keçirəcəyi cavab oyunu haqda da danışıb: 

"Cavab qarşılaşmasında "Qarabağ"ın oyun strategiyasında elə də böyük dəyişikliyin olmayacağını təxmin edirəm. Ağdam təmsilçisi matça "Feretsvaroş"la səfər qarşılaşmasında olduğu kimi başlayacaq. Bakıdakı oyundan fərqli olaraq, Çexiyadakı görüş bizim üçün daha asan olmalıdır. Nə mənada asan? Qol imkanlarının yaranması baxımından deyirəm. Yerli azarkeşlər önündə "Viktoriya" istər-istəməz öndə oynayacaq ki, bu da "Qarabağ"ın daha çox qol imkanı əldə etməsinə gətirib çıxaracaq. Onların cinah müdafiəçiləri tez-tez hücuma qoşulacaq. Əlbəttə ki, bu bizim üçün də təhlükədir. Ancaq dediyim kimi, həm də onların arxa xəttində boşluqlara yol açacaq. Qara Qarayevin uzun ötürmələri və ya digər futbolçuların səyləri nəticəsində rəqibin qapısı qarşısında daha çox təhlükə yaradacağıq. 

Sonda qeyd edim ki, mənim fikrimcə, bu mərhələni keçən tərəf biz olacağıq. Bunun üçün "Qarabağ"ın kifayət qədər potensialı var". 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər