Azərbaycanda təşkil olunan UEFA Region Liqasının final oyunu təmsilçimiz olmadan baş tutacaq. Son çempion "Cəbrayıl" avrokubok yarışında Belarus"un "Kolos" komandası ilə bacarmayaraq mübarizəni dayandırıb. Fanat.Az "Cəbrayıl"ın heyətində çıxış edən futzal üzrə Azərbaycan millisinin üzvü Xətai Bağırovun uğursuzluqa bağlı fikirlərini öyrənib: "Biz mərhələni elə ilk oyunda uduzduq. Bizim üçün hər şey yaxşı başlamışdı. Oyunun əvvəlində qol vurduq, bir qədər sonra da penalti qazandıq. Ancaq standart vəziyyəti qola çevirə bilmədik və dərhal da azlıqda qaldıq. Rəqibin əks-hücumunu pozmağa çalışan qapıçımız qırmızı vərəqə aldı. Biz penalti yerinə yetirərkən yanımdakı rəqib futbolçuların danışığına şahid oldum. Artıq məğlubiyyətlə barışmışdılar. Biri o birinə dedi ki, bu oyun əldən getdi, gələn görüşü fikirləşmək lazımdır. 2:0 olsaydı, nə qırmızı alacaqdıq, nə də qələbəni əldən verəcəkdik. Ancaq azlıqda bir top fərqli üstünlüyü qorumaq çox çətindir. Beləliklə, Belarus təmsilçisi ikinci hissədə iki qol vurub hesabı xeyrinə dəyişdi. Fasilədən sonra yorulduq, çatdırmadıq.
İkinci oyuna gəlincə, yenə birinci hissədə yaxşı oynadıq. Amma "Kolos"un da haqqını vermək lazımdır. Rəqib çox güclü komandadır, təcrübəli oyunçuları var. Biz isə təcrübəsiz komanda idik. Rəqib ucaboy oyunçulardan təşkil olunduğu üçün standart vəziyyətlərdə, kornerlərdə təhlükəli idi". Bağırov məğlubiyyətə görə baş məşqçi Cavid Hüseynovu günahlandırmağı haqsızlıq sayır: "Cavid dostumdu, yaxşı futbolçu olub. Bu dediklərim olmasa belə, onun məşqçiliyinə şübhə etmək haqsızlıqdır. Bir ilin komandasını Region Liqasının qalibi etməklə məşqçilik bacarığını ortaya qoyub. Təcrübəsizliyi hiss olunmur. Cavid gələcəkdə çox yaxşı məşqçi olacaq. İlk beynəlxalq oyunları əlverişsiz şəraitdə baş tutdu. Qalib heyətdə xeyli dəyişiklik edilmişdi. Bir ay ərzində yenidən yığılan komanda ilə uğur qazanmaq çox çətindir".
Təcrübəli futzalçı peşəkar liqada çıxış etməsinə rəğmən, həvəskarların yarışında oynamasına belə aydınlıq gətirib: "Bunu özüm də araşdırdım. Qorxurdum ki, sonra komandaya mənə görə texniki məğlubiyyət verərlər. Soruşdum, dedilər ki, problem yoxdur. Həm də mövsümün sonunda "Araz-Naxçıvan"la müqaviləmin müddəti bitib. Yəqin ki, komandamla müqavilə yeniləyəcəyik".
Mirağa