“Mançester Yunayted”in (Manchester United) baş məşqçisi Maykl Kerrik (Michael Carrick) “Tottenhem”ə (Tottenham Hotspur) qarşı oyundan sonra azarkeşlərin etirazına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, informasiyanı “Goal.com” yayıb.
İngiltərə Premyer Liqasının 6-cı turunda “Mançester Yunayted” doğma meydanda London komandası ilə 1:1 hesablı heç-heçə edib. Brayan Mbyomo (Bryan Mbeumo) 73-cü dəqiqədə meydan sahiblərini önə keçirsə də, Dominik Solanke (Dominic Solanke) 90+2-ci dəqiqədə hesabı bərabərləşdirib. Bundan əvvəl “Tottenhem”in futbolçusu Rodriqo Bentankur (Rodrigo Bentancur) qırmızı vərəqə alaraq meydandan qovulub.
Oyunun fasiləsində və final fitindən sonra azarkeşlər komandaya etirazlarını bildiriblər.
Kerrik azarkeşlərin reaksiyasını başa düşdüyünü, lakin bunun onu məyus etdiyini deyib:
“İşlər istədiyimiz kimi getməyəndə belə reaksiyaların olmasını anlayıram. Açığı, bu, çox incidir. Belə vəziyyətlə üzləşmək xoş deyil, amma bəzən bunları yaşamaq lazım gəlir”.
Mütəxəssis komandasının nəticələrindən razı olmadığını da vurğulayıb:
“Qazandığımız xalların sayından razı deyiləm və bunu gizlətməyəcəyəm. Vəziyyət fərqli ola bilərdi, amma reallığı qəbul etməliyik. Tezliklə müsbət istiqamətdə dəyişiklik etməliyik. Bunun öhdəsindən gələ bilərik. Sadəcə, daha ağıllı və əzmkar oynamalıyıq”.
“Mançester Yunayted” mövsümün ilk altı turunda cəmi 6 xal toplayıb.
Əlisahib İbrahimli