“Qəbələ”nin yarımmüdafiəçisi Marat İzmaylovun müsahibəsi
- Demək olar ki, bir aydı “Qəbələ”dəsiniz. Azərbaycan çempionatında dörd oyun keçirmisiniz. İlk nəticələr çıxarmaq olar. Komandada nədən razı və narazısınız?
- Futbolçular üçün klubda yaradılmış məşq və yaşayış şəraitindən razıyam. Məgər bundan narazı qalmaq olar? Demək olmaz ki, nədənsə narazı və ya məyusam. Ancaq öz idman formamdan və oyunumdan bir qədər məyusam. Qalan şeylərdə problem yoxdu.
- Azərbaycana gələndə sizi nə təəcübləndirdi? Pis və yaxşı cəhərdən...
- Mən “Qəbələ” klubunun ətrafındakı ab-havaya, klub üçün yaradılmış şəraitə, klubun göstərdiyi futbolun səviyyəsinə xoş mənada təəccübləndim. Şəhərə çıxanda və ya paytaxta olanda nəyəsə təəccüblənməyə vaxtım olmadı. Üç həftədir ki, Azərbaycandayam. Ya məşqlərdə oluram ya da trenajor zalında. Bir ona təəccübləndim ki, Azərbaycan haqda məndə hər münasibətdə isti ölkə təsəvvürü vardı. Ancaq insanların isti münasibətini hər addımda duymaq olursa, hava ilə bunu demək olmaz. Hələlik kifayət qədər soyuqdu.
- Komandanın oyunundan razısınız?
- Komandada sabitlik çatmır. Son oyunlar bunu əyani göstərdi. Ancaq oyunçu seçimi və onlar üçün yaradılmış şərait öz bəhrəsini verməyə bilməz. Düşünürəm ki, ikinci yer “Qəbələ” üçün sərhəd deyil. Çempionuq uğrunda böyük həvəs var. İndi məqsədim, arzum, necə istəyirsiniz, adlandırın, Azərbaycan çempionu olmaqdı. Azərbaycan “qızılı”nı Rusiya, Portuqaliya çempionluqlarına qatıb, çempion het-triki etməkdi.
- Sizcə, “Qəbələ” Rusiya və ya Portuqaliya çempionatında çıxış etsəydi, neçənci olardı?
- Düşünürəm ki, klub möhkəm ortabablardan olardı. Hər iki ölkədə - Rusiya və Portuqaliyada çempionatın səviyyəsi təxminən eynidi.
- Sizcə, Premyer Liqanın XXIII turu çərçivəsində “Rəvan”a qarşı keçirilmiş oyunda ən azı iki dəfə qol vurmağa borclu olan “Qəbələ” rəqibini qiymətləndirməmişdi?
- Belə hallar olur. Təəssüf ki, futbolda tez-tez autsayder gözlənilmədən favoriti məğlub edir. Kimin ağlına gələrdi ki, “Neftçi” elə bu turda “Sumqayıt”a məğlub olacaq?! Əsas odu ki, bizim əldən buraxdığımızı qaytarmaq vaxtımız var və bunu səmərəli istifadə etmək lazımdı.
- Siz hazırda Azərbaycan çempionatının ən tanınmış, titullu legionerisiniz. Azarkeşlər ən azı sizi Azərbaycanda nəyin cəlb etdiyini bilməlidi. Yuri Syominlə şəxsi münasibətlər və sualın maliyyə tərəfindən başqa...
- Məhz maliyyə tərəfi burada heç bir rol oynamır. Ancaq Yuri Pavloviçin şəxsi xahişinə minnətdaram ki, mən buradayam. Məni digər başqa ölkəyə çağırsa idi belə, mən onun ardınca gedərdim. Ona bir şəxsiyyət və mütəxəssis kimi hörmətim var. Həmçinin, o, dedi ki, bu klub çox iddialıdı və uğur qazanması üçün bütün şərait yaradılıb. Məhz bu da mənim burada olmağımın həlledici amilidi. Şəxsiyyət amili və komanda üçün yaradılmış şərait.
day.az