"Xəzər Lənkəran"ın məşqçilər korpusunda yer alacağı gözlənilən İbrahim üzülməzin Azərbaycanla bağlılığı var. Fanat.az xəbər verir ki, türk futbolçu milli komandadakı yeganə qolunu millimizin qapısına vurub.
Belə ki, Türkiyə millisinə ilk dəfə 2003-cü ilin 12 fevralında keçirilən Ukrayna ilə matçda çağırılan futbolçu 2009-cu ilin 2 iyununda yığmamızla keçirilən yoxlama oyununda "ay-ulduzlu" forma ilə ilk və yeganə qolunu vurub.
Qeyd edək ki, Üzülməz Türkiyə millisində 37 oyun keçirib. 2003-cü ildə keçirilən Konfederasiyalar Kubokunda 4 matça çıxan və hər birində 90 dəqiqə oynayan futbolçu bürünc medal qazanıb.
İbrahim klub karyerasında "Gönenspor", "Karabükspor", "İskenderun DÇSK", "Amasyaspor", "Qaziantepspor" və "Beşiktaş"ın formasını geyinib. O, "Beşiktaş"la Türkiyə çempionluğunu (2002/03, 2008/09), Türkiyə kubokunu (2005/06, 2006/07, 2008/09) və Türkiyə Super Kubokunu (2006) qazzanıb.
Fanat.az