Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Nikolo Skira, insayder: "İtaliyanın "Montsa" klubu "Real Madrid"lə müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agentə çevrilən Marselo ilə danışıqlara başlayıb".
Manu Saints, jurnalist (AS): "Ronaldunun "Bayern Münhen"ə keçmək ehtimalı 60, "Çelsi"yə isə 40 faizdir".
Fabritsio Romano, insayder: "Kriştianu Ronaldunun agenti Jorje Mendeş hələ də "Çelsi" və "Bayern Münhen"i portuqaliyalı ulduzu heyətinə qatmağa çağırır".
"DiSi Yunayted"in baş məşqçisi Ueyn Runi: "Luis Suares bu komandaya uyğun deyil. Mən ona hörmət edirəm. Suares heyrətamiz futbolçudur, amma düşünürəm ki, o, hələ də bir oyunçu kimi titullara acdır".
Canluka Di Martsiodan xəbərlər:
"Salernitana" "Vilyarreal"dan Bulaye Dianı 2,5 milyon avroya icarəyə götürəcək. Futbolçuya bir mövsümə 2 milyon avro maaş təklif olunub.
"İnter"dən sonra Paulo Dibalaya "Roma" və "Napoli" maraq göstərib.
"Qleison Bremer yaxın 7 gün ərzində "İnter"in oyunçusu olacaq".
"Nikola Maksimoviç "Cenoa"dan (B seriyasına düşüb) "Leççe"yə (A seriyasına qayıdıb) keçəcək".
"Fanatik" saytı: Villian Arao "Fənərbağça"ya keçməzdən əvvəl tibbi müayinədən keçmək üçün İstanbula gəlib".
Mett Lou, jurnalist (The Telegraph): "Kalidu Kulibali "Çelsi"yə qoşulmaq üçün Londona gəlib. Bu gün tibbi müayinədən keçəcək".
Mayk Vervey, jurnalist (De Telegraaf): "Ayaks"ın futbolçusu Lisandro Martines 55 milyon avroya "Mançester Yunayted"ə keçəcək".
Baş tutmuş transfer xəbərləri:
Coşua Kinq azad agent olaraq "Fənərbağça"ya keçib. Müqavilə 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub. O, ötən mövsüm "Uotford"da çıxış edib.
19 yaşlı Tiaqo Çukur "Uotford"dan "Fənərbağça"ya keçib. Transfer məbləği 2,5 milyon avro təşkil edən futbolçunun müqaviləsinin müddəti 2025/26-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
31 yaşlı qapıçı Benjamen Lekomte "Monako"dan "Espanyol"a keçib. Qolkiper 2022/23 mövsümünün sonuna qədər İspaniya klubunda icarədə olacaq.
Çidera Eyuke Moskva MOİK-indən "Herta Berlin"ə keçib. Futbolçu 2022/23 mövsümünün sonuna qədər Almaniya klubunda icarədə olacaq.
24 yaşlı hücumçu Mohamed Bayo 14 milyon avroya "Klermon"dan "Lill"ə keçib. Müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Rahim Sterlinq "Mançester Siti"dən "Çelsi"yə keçib. Transferin məbləği 47,5 milyon funt sterlinq təşkil edən hücumçunun müqaviləsinin müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Emin Şəmsiyev