Şimali Kiprdən olan futbol meneceri Tekin Birinci maraqlı fikir ilə çıxış edib.
Fanat.Az xəbər verir ki, o, mətbuat vasitəsi ilə Şimali Kipr prezidenti Ersin Tatara müraciət edib.
Birinci prezidentə müraciətində Tatardan Azərbaycan səfəri ərəfəsində futbol mövzusuna da toxunmağı rica edib. Menecer həm iki ölkə arasında münasibətləri, həm də futbolun inkişafı üçün Şimali Kiprin klublarının Azərbaycan bayrağı altında keçirilən futbol yarışlarında çıxış etməsini təklif edib.
Beləcə, həm Azərbaycan Premyer Liqasında klub sayının 8-dən 12-14-ə yüksələ biləcəyini, həm də Şimali Kipr klublarının Avropaya çıxmaq şansının daha yüksək olacağını qeyd edib.
Tekin Birinci onu da bildirib ki, Şimali Kipr klublarının Cənubi Kipr və Türkiyə çempionatına yox, Azərbaycan çempionatına daha tez adaptasiya ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, futbol meneceri açıqlaması zamanı bu günə qədər Azərbaycan millisində çıxış etmiş 5 futbolçunun Türkiyə klublarına transferini reallaşdırdığını xatırladıb. (Sport7.az)