1-ci Liqanın 4-cü turunda "Şimal" Şamaxı OİK stadionunda "Xankəndi"ni qəbul edəcək. Xaçmaz təmsilçisinin çalışdırıcısı Tural Cəlilovla əlaqə saxlayıb qarşıdakı oyundan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə 3 yoxlama oyunu keçirdik. Sıralarımıza yeni qoşulan oyunçuların uyğunlaşması baxımından fasilə həqiqətən işə yaradı. Rəsmi matçların olmamasının mənfi tərəfi də var. Belə desəm, ritmdən düşürük.
Oyuna gəlincə, "Xankəndi"nin yeni baş məşqçisi var. Komanda bir müddət öncə Röyal Nəcəfova tapşırılıb. Ötən mövsüm "Baku Sportinq"də çox yaxşı işlər görmüşdü. Bizə çətin olacağını bilirik. Oyuna ciddi hazırlaşırıq. Ümumiyyətlə, "Şimal" üçün bu çempionatda hər xal önəmlidir. Qələbə qazansaq, lap yaxşı olar, amma ən azı uduzmamaq üçün əlimizdən gələni edəcəyik".
"Şimal" - "Xankəndi" qarşılaşması oktyabrın 9-da keçiriləcək. Matçın start fiti 15:30-da səsləndiriləcək.
Nihat