AFFA İcraiyyə Komitəsinin martın 7-də baş tutan iclasında qəbul olunan qərara əsasən növbəti mövsüm Premyer Liqasında limit 6+4+1 (6 əcnəbi, 4 yerli və 1 yerli 23 yaşadək - 1992-ci il təvəllüdlü) formatında olacaq. Həmçinin oyunun protokoluna daxil edilən 18 futbolçudan biri mütləq 21 yaşadək (1994-cü il təvəllüdlü) olmalıdı. Azərbaycanda belə bir limit tətbiq olunarkən, Avropada vəziyyət necədi? Fanat.az qitənin aparıcı çempionatlarında tətbiq olunan limitlə bağlı araşdırma aparıb.
Öncədən onu qeyd edək ki, Topaz Premyer Liqasında ən çox legioneri olan komanda "Qəbələ"di. Yur Syominin komandasının heyətində 17 əcnəbi var. "Xəzər Lənkəran" 13, "Simurq" və "Bakı" 12, "Neftçi", "Qarabağ" və "Rəvan" 11, AZAL isə 9 legionerə güvənir. Əsasən yerli futbolçulara güvənin "Sumqayıt"ın heyətində isə Rusiya vətəndaşı olan 5 futbolçu yer alıb: Şahruddin Məhəmmədəliyev, Adil İbrahimov, Məhəmməd Mirzəbəyov, Mirzağa Hüseynpur, Məhəmməd Qurbanov.
"Böyük beşlik" ölkələrindən Almaniya və İngiltərədə meydana çıxacaq əcnəbilərin sayına limiti qoyulmayıb. Bunlarla yanaşı, Avstriya, Belçika, Uels, Hollandiya, İrlandiya, Şotlandiya, Şimali İrlandiya, Polşa, Portuqaliya və Serbiya legioner limiti yoxdu. Fransa, İtaliya və İspaniyada Avropa Birliyi ölkələrini təmsil edən futbolçular üçün ayrı-seçkilik diqqəti çəkir. Bu ölkələrlə yanaşı, Bolqarıstan, İsveçrə və Yunanıstanda da Avropa Birliyinə üzv ölkələrin vətəndaşları yerli statusunda oynayır. Danimarka Avropa Birliyi yerinə Avropa qitəsini təmsil edən futbolçular üçün ayrı-seçkilik var. Rusiya və Ukraynada klublara 7, Türkiyədə 6 əcnəbinin adını "18-liy"ə salmaq icazəsi verilir.
Bundesliqa: ən rahat çempionat
Avropanın legioner limiti məsələsində ən rahat ölkəsi Almaniyadı. Bundesliqada Avropa Birliyi ölkələri də daxil olmaqla heç bir qadağa yoxdu. Amma bu çempionatda çıxış edən hər bir klub heyətinə ən azı 12 alman futbolçunun adını salmalıdı. Onlardan 8-i klubun öz yetirməsi olmalıdı.
Əcnəbi futbolçulara qadağanın qoyulmadığı Almaniyada son illərdə futbolun sürətlə inkişaf etməsi diqqəti çəkir. Ötən mövsüm Almaniya və Avropa futbolunda bütün kubokları əldə edən "Bavariya" cari mövsümdə də fırtına kimi əsir. Münhen klubunun heyətində 14 legioner futbolçu yer alıb. Hazırda Bundesliqanın ikinci pilləsində qərarlaşan, ötən mövsüm Çempionlar Liqasında final oynayan "Borussiya" (Dortmund) heyətinə 10 əcnəbinin adını daxil edib. Hər iki alman klubu cari mövsümdə Çempionlar Liqasının 1/4 finalına vəsiqə əldə edib. Turnirin 1/8 finalında uduzan "Bayer"in isə türk əsilli oyunçular da nəzərə alındıqda 15 əcnəbisi var.
Premyer Liqa: ingilislərin öz qaydaları var
İngiltərəyə transfer olunacaq əcnəbilər Premyer Liqada forma geyinə bilmək üçün İngiltərə Futbol Federasiyasının kriteriyalarına cavab verən əmək vizası almalıdı. Qaydalardan biri də bu futbolçuların öz milli komandalarında müəyyən olunmuş sayda oyun keçirməsidi. Buna baxmayaraq, meydana çıxan legioner sayında heç bir qadağa yoxdu.
Hazırda Premyer Liqanın turnir cədvəlinə başçılıq edən və Çempionlar Liqasının 1/8 final mərhələsində "Qalatasaray"ı yenən "Çelsi"nin heyətində 19 əcnəbi yer alıb. "Arsenal" 21, "Mançester Siti" 18, "Tottenhem" 17, "Liverpul" isə 16 legioneri heyətinə qatıb.
La Liqa: türklərə və ruslara güzəşt
La Liqada Avropa Birliyinə üzv olmayan ölkələrin futbolçularına dair qaydalar var. Belə ki, İspaniyada bu təşkilatın üzvü olmayan ölkələrin 3 futbolçusuna eyni vaxtda meydana çıxmasına icazə verilir. Amma Avropa Birliyinin üzvü olmayan Rusiya və Türkiyə vətəndaşları da İspaniyada bu statusdan yararlanaraq, limitdən kənarda qalırlar.
Ölkənin aparıcı klublarından olan "Barselona" legionerlərə qarşı daha mühafizəkar davranır. Son illərdə əsasən öz yetirmələri ilə böyük uğurlara imza atan Kataloniya klubu cari mövsümdə Lionel Messi də daxil olmaqla 9 əcnəbinin xidmətindən yararlanır. Dünyanın ən bahalı futbolçusu - Kriştiano Ronaldo və Qaret Beyli heyətində saxlayan "Real"ın 11 legioneri var. Arda Turanlı "Atletiko"da isə bu say 13-ə bərabərdi.
A Seriyası: hər 2 futbolçu
A Seriyasında İspaniyada olduğu kimi Avropa Birliyi ölkələrini təmsil edən futbolçulara yerli statusu verilir. Klublar birliyin üzvü olmayan ölkələrdən hər mövsüm yalnız iki futbolçu transfer edə bilər. Həmçinin 5 legionerin legionerin və meydanda olmasına icazə verilir.
Son çempion və hazırkı lider "Yuventus"un heyətində 12 əcnəbi futbolçu var. "Roma"da bu say 16-ı, "Napoli"də isə 22 nəfərdi.
Liqa 1: Özbəkistandan Afrikaya...
Liqa 1-də Avropa Birliyi üzvü olmayan ölkələrdən 4 futbolçunun "18-liy"ə salınmasına icazə verilir. Amma İtaliya və İspaniyada olduğu kimi Fransa da bu limitin bəzi özəllikləri var. Belə ki, Misir və Liviya xaric bütün Afrika, Yeni Zellandiya xaric bütün Okeaniya, Çernoqoriya, Bosniya və Hersoqovina, Serbiya, Xorvatiya xaric bütün Avropa ölkələri, həmçinin Özbəkistan və Qırğızıstan vətəndaşı olan futbolçular Avropa Birliyi üzvü statusundan yararlanır.
Liqa 1-in son qalibi və hazırkı lideri PSJ qlobal transfer siyasəti aparan klublardan biridi. Paytaxt təmsilçisi heyətində Zlatan İbrahimoviç başda olmaqla 18 əcnəbi futbolçuya yer verib. İkinci pillədə qərarlaşan "Monako"nun da eyni sayda legioneri var.
Super Liqa: ən mühafizəkar çempionat
Türkiyədə uzun illərdi etirazlara səbəb olan legioner limiti 6+0+4 olaraq qəbul edilib. Klublar "18-liy"ə 6 əcnəbinin adını salır və eyni vaxtda meydana buraxa bilir. Daha 4 legioner isə "18-lik"dən kənarda qalır. Super Liqada gələn mövsüm limitin yenidən dəyişməsi və 5+0+3-ə düşməsi gözlənilir.
Türkiyə klubları uzun müddətdi limitin dəyişdirilməsi və legionerlərə daha çox şərait yaratmağı tələb edir. Lakin TFF bununla razılaşmır. Qurum klubların qarşısına yeni tələb qoyub: 18 klub razılığa gəlsin və ümumi sənəd imzalasın. Bundan sonra limiti dəyişək. Super Liqanın 17 klubu bu sənədi imzalamağa hazır olsa da, "Fənərbaxça" etiraz edir.
Fanat.az