İldırım Çax-Çax
Azərbaycan şahmatının gələcəyi etibarlı əllərdədi. Heç bilirsiniz kim(lər)in əlindədi? Günü-gündən inkişafda olan Təhsil Nazirliyinin! Bəli-bəli, yanılmadım. Gənclər və İdman Nazirliyinin yox, məhz elmimizi, təhsilimizi ağ günə çıxaran bu Nazirliyin.
Əbəs yerə Azərbaycan şahmatçılırı yığma reytinqində dünyada 7-ci sıralamada dayanmayıblar ki! Buna görə ilk növbədə keçmiş təhsil naziri Misir Mərdanova təşəkkür düşür. Onun sayəsində şahmat məktəblərində minlərlə cocuq şahmat sahəsindəki biliklərini artırıb, ümid çırağımızın sönməsinə imkan verməyib. Şahmat məktəblərinin Təhsil Nazirliyinə tabe olması sayəsində bir sıra novator addımlar da atılıb. Məsələn, məşqçi olmaq istəyirsənsə, hansısa dərəcəyə malik olmağın vacib deyil. Əsas odur ki, ya klubun direktorunun qohumu olasan, ya da fərqli yollara əl atmağı bacarasan. Binəva valideynlər də övladlarını şahmat məktəbinə gətirərək, elə düşünürlər ki, gələcəyin Şəhriyar Məmmədyarovları yetişir. Ay-hay!
Ancaq həmin məşqçinin şahmat biliyini kim yoxlaya bilər? Məsələn, Təhsil Nazirliyinin rayonlar üzrə şöbələri var. Həmin şöbələrdə çalışan mütəxəssislər hansısa fənn üzrə müəllimi yoxlamağa qadırdirlər. Bəs şahmat müəllimi? Təsəvvür edirsiniz, ədəbiyyat müəllimi şahmat məşqçisinin dərsində iştirak edib ona yetirmələrinə aşıladığı debüt üzrə qiymət verir. Əhsən! Belədə, şahmatımız inkişaf edər də. Niyə etməsin ki?
Nədənsə 8, 10, 12, 14 yaşlılar arasında Avropa və dünya çempionu adını qazanan şahmatçılarımız sonradan itib-batırlar. Niyə? Cavab üzdədi. Əgər dünya şahmatında ancaq azərbaycanlılar hegemonluq etsələr, bu idman növünə maraq itəcək. Belədə, bizim nə dərəcədə zəkalı insanlarımızın olması barədə informasiya dünya ictimaiyyətinə çatdırılmayacaq. Bax bunu nəzərə alan Təhsil Nazirliyi gözütoxluq göstərir və uzaqgörənlik edir. Zənnimcə, bu ağıllı gedişə görə sözügedən Nazirliyi Nobel mükafatının innovasiyalar üzrə namizədlər sırasına daxil etmək lazımdı.
Gələcəyə nikbin baxmağa xeyli əsasımız var. Məsələn, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov kimi şahmatçılar sabiq Təhsil nazirinin uğurlu rəhbərliyi sayəsində bu səviyyəyə çatıblar.
Yeni nazir Mikayıl Cabbarov da sələfindən geri qalmır. İndi yığmada Eltac Səfərli də yer alır. Allah Vüqar Həşimova rəhmət eləsin. Dərinliyə varmıram, sadəcə, Vüqar sağ olsaydı, Eltacın yığmaya düşmə şansları barədə düşünməyinizi xahiş edirəm. Bəs sonra? Sonra kim var?
Azərbaycanda legioner xidmətindən istifadə etməyib, beynəlxalq arenada uğur qazanan yeganə idman növü şahmatdı. Ancaq kiçicik bir xatırlatma verim. Teymurun, rəhmətlik Vüqarın, Şəhriyarın, Raufun, Qədirin bu zirvəyə yüksəlməsinin başlıca səbəbkarı mərhum prezident Heydər Əliyev olub. Təhsil Nazirliyinin balansındakı şahmat məktəblərindən isə "digərlər"i çıxıb: direktorların bacıoğlu, xalaoğlu, bibinəvəsinin məşqçi işlədiyi "yetirmələr".
Allah işinizi avand eləsin. Tezliklə özünüzü digər idman növlərinə çatdırmaq üçün həqiqətən böyük işlər görürsünüz. Məsələn, "Socar Azerbaijan" komandasında artıq legionerlər yer alır. Tezliklə bu praktikanın yığmaya da şamil olunması yolunu tutduğunuz üçün VAR OLUN!