2004-cü ildə Azərbaycan futboluna maliyyə axını başladıqdan sonra bir çox məşhur futbolçu ölkəmizə gəlib. Onlardan bəziləri Azərbaycan klublarında etimadı doğruldaraq, özlərini göstərə bilsələr də, bəziləri buna nail ola bilməyib. Belə futbolçular bir müddət sonra ölkəmizi tərk etməli olub. Fanat.az Azərbaycanda uğursuz olmuş 10 məşhur əcnəbini müəyyənləşdirib.
Emil Mpenza
Azərbaycana gəlmiş ən məşhur əcnəbilərdən biri Emil Mpenzadı. 2010-cu ildə reallaşdırılan bu transfer Avropada da böyük əks-səda doğurmuşdu. Çünki Mpenza Belçikada "Standard", Almaniyada "Şalke 04", "Hamburq" və İngiltərənin "Mançester Siti" klublarında top qovmuş, milli komandada 57 oyun keçirərək 19 qol vurmuşdu. Amma böyük ümidlərlə edilən transfer xəyal qırıqlığı ilə bitdi. Mpenza iki mövsümdə keçirdiyi 31 oyunda cəmi 6 qola imza ataraq, "arzuolunmaz futbolçu"ya çevirildi.
Melvin Platye
"Neftçi" növbəti uğursuz transfenini ötən yay həyata keçirdi. Nikolas Kanaleslə maliyyə məsələlərində anlaşa bilməyən "ağ-qaralar" onun yerini Hollandiya çempionatının güclülər dəstəsində çıxış edən "Nyemengen"in formasını geyinən və özünü yaxşı tərəfdən göstərən, aşağı liqada bombardir olmuş Melvin Platye ilə doldurdu. Amma hələ ilk oyunda - "Skenderbeu" ilə qarşılaşmada holland hücumçu Kanalesi layiqincə əvəzləyə bilməyəcəyini göstərdi. Azərbaycanda 19 oyuna çıxıb cəmi 1 qola imza atan Platye uğursuz transfer olduğunu sübut etdi. Bunun nəticəsi olaraq "Neftçi" onu bir neçə gün əvvəl "Kalmar"a icarəyə verdi.
Toni Doblas
Azərbaycanın ən yaxşı qapıçısı Kamran Ağayevlə yolları ayıran "Xəzər Lənkəran" onun yerini doldurmaq üçün Toni Doblası heyətinə qatdı. "Saraqosa"dan gələn qolkiper La Liqa klubunda əsas heyətin üzvü olsa da, ölkəmizdə istənilən nəticəni vermədi. Gənc Orxan Sadıqlıya rəqabətdə uduzan Doblasın Azərbaycan karyerası 14 oyundan ibarət oldu. O, bir neçə gün əvvəl azad agent kimi qapıçı axtarışında olan "Napoli"yə keçdi. İndi A Seriyasında çıxış edən klubda Pepe Reynanın əvəzedicisidi.
Valentin Belkeviç
Premyer Liqa klublarının böyük ümidlərlə transfer etdiyi futbolçulardan biri də Valentin Belkeviçdi. 1991-1996-cı illərdə Minsk "Dinamo"sunda (86 oyun, 39 qol), 1996-2008-ci illərdə Kiyev "Dinamo"sunda (222 oyun, 51 qol) çıxış edən və Belarus millisində keçirdiyi 56 oyunda 10 qol vuran yarımmüdafiəçi Bakı "İnter"ində ümidləri doğrultmadı. Belaruslu ulduzun Azərbaycan karyerası 5 oyunla bitdi.
Maris Verpakovskis
Ukraynada "Dinamo" (Kiyev), İspaniyada "Xetafe", "Selta", Yunanıstanda "Erqotelis" kimi klublarda özünü ən yaxşı tərəfdən göstərən Maris Verpakovskis "Bakı"ya transfer olunanda hamı ondan çox şey gözləyirdi. Latviya yığmasında keçirdiyi 103 oyunda 29 qol vuran Maris Azərbaycanda özünü doğrulda bilmədi. Meydana çıxdığı 33 oyunda 5 qol vuran latviyalı Yunanıstana - "Erqotelis"a yola salındı.
Con Kollins
Toni Adams "Qəbələ"nin baş məşqçisi təyin olunanda Avropadan tanıdığı bəzi futbolçuları ölkəmizə dəvtə etdi. Onlardan biri də Con Kollins idi. Hollandiyada "Tvente", "Neymengem", İngiltərədə "Fulhem", "Leyçester", "Uatford", ABŞ-da "Çikaqo Fires" klublarının şərəfini qoruyan Hollandiyanın aşağı yaş qrupları üzrə yığmaları ilə yanaşı, A Millisinə də dəvtə almış və 2004-cü ildə 2 oyuna çıxmışdı. Amma onun Azərbaycandakı çıxışı 3 oyundan və 239 dəqiqədən ibarət oldu.
Joel Epalle
Joel Epalle ölkəmizə gələndə Avropada tanınan futbolçulardan biri idi. Yunanıstan və Almaniya klublarında çıxış etmiş, Kamerun millisində 31 oyun keçirərək 2 qol vurmuşdu. 2000-ci ildə olimpiya çempionu, 2002-də Afrika Millətlər Kubokunun qalibi olmuş futbolçu 2003-də FİFA Konfederasiyalar Kubokunun, 5 il sonra Afrika Millətlər Kubokunun güimüş medalına sahib çıxmışdı. Lakin o, "Bakı"nı sözün əsl mənasında "zibilə" saldı. Belə ki, 2010-un yayında paytaxt klubuna keçən kamerunlau forvard cəzalı halda "Buduçnost"la oyuna çıxdı və buna görə "Bakı"ya texniki məğlubiyyət verildi. Onun Azərbaycan karyerası 12 oyun və 1 qoldan ibarət oldu.
Adriano Qabiru
Azərbaycanda karyerası alınmayan futbolçulardan biri də Adriano Qabirudu. Braziliyanın "Atletiko-Paranense", "Kruzeyro", "İnternasional", Fransanın "Olimpik" (Marsel) kimi klublarında top qovmuş futbolçu 2008-ci ildə "İnter"ə transfer olunmuşdu. Ölkəmizə gəlməzdən əvvəl çıxış etdiyi klublarda özünü doğruldan yarımmüdafiəçi Bakı klubunda cəmi 10 oyuna çıxıb 1 qola imza ata bildi.
Fatih Sonkaya
Türk futbolçu və məşqçilərə ən çox güvənən klubumuz olan "Xəzər Lənkəran" 2009-cu ildə Fatih Sonkayanı ölkəmizə gətirmişdi. Lənkəran klubuna keçməzdən əvvəl Türkiyədə "Beşiktaş", Portuqaliyada "Portu", "Akademika", Hollandiyada "Roda"nın formasını geyinmiş türk futbolçu milli komandada 6 oyun keçirmişdi. Lakin o, "Xəzər Lənkəran"da istənilən oyunu sərgiləyə bilmədi və cəmi 11 oyunda meydana çıxdı.
Georgi Demetradze
Hollandiyada "Feyenoord", Ukraynada "Dinamo" (Kiyev), İspaniyada "Real Sosyedad", Rusiyada "Lokomotiv" (Moskva) kimi klublarda çıxış edərək özünü ən yaxşı şəkildə göstərən Georgi Demetradze 2008-ci ildə "Bakı"ya böyük ümidlərlə transfer olunmuşdu. Lakin onun Azərbaycan karyerası istənilən sonluqla bitmədi. Cəmi 10 dəfə "zolaqlı" formanı geyinən Gürcüstan yığmasının üzvü 2 qola imza atdı.
Fanat.az