Milli komandamız mayın 27-də San-Fransiskoda ABŞ yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bu yığmamız üçün yeni rəqib olacaq. İndiyədək Amerika qitəsindən Honduras və Trinidad və Tobaqo ilə qarşılaşmış komandamız ilk dəfə ABŞ-a səfər edəcək.
Amerika millisinin dünya çempionatlarında ən böyük uğuru yarımfinalda oynamaqdı. 1930-cu ildə keçirilən ilk dünya birinciliyinə qatılan amerikalılar qrupda birinci olsa da, yarımfinalada Argentinaya 1:6 hesabı ilə yeniliblər. "Yeni qitə"lilər növbəti mundialın birinci mərhələsində İtaliyaya 1:7 hesabı ilə uduzublar. II Dünya Müharibəsindən sonra baş tutan ilk dünya çempionatında - 1950-ci ildə ABŞ qrupda qalıb. Ardından Maykl Cordanın həmyerliləri 1990-cı ilədək DÇ həsrəti çəkməli olub. 1990-dan sonra baş tutan 6 dünya çempionatının hamısında isə amerikalıları görmüşük. DÇ-90, DÇ-98, DÇ-2006-da qrupda qalan komanda DÇ-94-ün 1/8 finalında Braziliyaya, DÇ-2002-nin 1/4 finalında Almaniyaya, DÇ-2010-un 1/8 finalında isə Qanaya uduzub.
DÇ-2014-ün seçmə mərhələsində KONKAKAF zonasında mübarizə aparan ABŞ 5 komanda ilə münasibətlərinə aydınlıq gətirib. 10 oyundan 7-də qələbə qazanıb, 1-də heç-heçə edən rəqibimiz 22 xalla birinci pilləni tutub və birbaşa mundiala vəsiqə əldə edib.
ABŞ indiyədək 4 dəfə Konfederasiyalar Kubokuna vəsiqə qazanıb. 1992,1999-cu illərdə yarışın bürünc medallarını qazanan amerikalılar 2003-də qrupdan çıxa bilməyib. 2009-cu ildə baş tutan son Konfederasiyalar Kubokunda isə finala çıxan gələcək rəqibimiz həlledici matçda Braziliyaya uduzub.
Amerika futbol yığması Yay Olimpiya Oyunlarına 8 dəfə qatılıb. 1956-cı ildə 1/4 finala çıxan amerikalılar ən böyük uğurlarına imza atıblar. 3 dəfə qrupda qalan ABŞ 3 halda da ilk mərhələlərdə uduzub.
ABŞ millisi tarixi ərzində 5 dəfə KONKAKAF kubokunun qalibi olub. Bu turnirdə 5 dəfə gümüş medal qazanan amerikalılar 2 dəfə "bürünc"lə kifayətlənib.
3 dəfə "Kopa Amerika"ya dəvət alan ABŞ 1993, 2007-ci ildə ildə qrupda qalıb, 1995-də isə dördüncü olub.
Hazırda ABŞ millisinə Yurgen Klinsmann başçılıq edir. Berti Foqtsun həmyerlisi 2011-ci ildən komandanın başındadı. O, 2004-2006-cı ildə Almaniya millisini, 2008/09 mövsümündə isə "Bavariya"nı çalışdırıb.
Yığmanın kapitanı Landon Donovandu. 32 yaşlı forvard 2005-ci ildən "Los Anceles Qalaksi"də çıxış edir. O, müxtəlif vaxtlarda Almaniyanın "Bayer", "Bavariya", ABŞ-ın "San Jose Eartquakes" və İngiltərənin "Everton" klublarında top qovub.
Donovan yığmada ən çox qol vuran oyunçudu. O, indiyədək milli forma altında 57 qola imza atıb. Hücumçu yığmanın ən çox oyun keçirən futbolçuları sırasında ikinci yeri tutur - 155 oyun. Bu siyahıda artıq karyerasını bitirmiş Kobi Yones birincidi - 164 oyun.
ABŞ-ın dünən Ukrayna ilə keçirdiyi yoxlma oyununa dəvət alan futbolçular arasında İngiltərənin "Everton", "Aston Villa", "Birmingem", "Şeffild Vednesday", "Stok Siti", "Ridinq", "Barnsli", "Sanderlend", Almaniyanın "Herta", "İnqolştadt", "Hoffenhaym", Türkiyənin "Beşiktaş", Fransanın "Nant", Belçikanın "Anderlext", Hollandiyanın "Alkmaar", "Utrext", Avstriyanın "Rapid", Meksikanın "Tijuana" klublarınınn oyunçuları var.
Fanat.az