Azərbaycan millisinin yeddinci cəhdi

Azərbaycan millisinin yeddinci cəhdi

Bu gün Tokio 2020 Yay Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.

Fanat.Az xəbər verir ki, Yaponiya Milli Olimpiya Stadionunda baş tutacaq tədbir Bakı vaxtı ilə 15:00-da start götürəcək. Mərasimdə Azərbaycan nümayəndə heyətinin bayraqdarı Pekin 2008 Yay Paralimpiya Oyunlarının atletika üzrə qalibi Oloxan Musayev olacaq.

16-cı Paralimpiadada dünyanın 163 ölkəsindən 4500-dən çox idmançı iştirak edəcək. Onlar 22 idman növü üzrə 539 dəst medal uğrunda mübarizə aparacaq. 

Azərbaycan Milli Paralimpiya komandası yarışlara rekord sayda - 35 idmançı ilə qatılılıb. Təmsilçilərimiz 6 növ üzrə ümumilikdə 46 kateqoriyada yarışacaq. 

İdmançılarımızın 12-si atletika, 10-u cüdo, 4-ü taekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı növündə çıxış edir.

17 yaşlı üzgüçü Dana Şandıbina ən gənc, 59 yaşlı güllə atıcısı Yelena Taranova ən yaşlı idmançımızdır. Sidney 2000-in gümüş, Afina 2004-ün bürünc mükafatçısı Taranova ümumilikdə altıncı dəfə Paralimpiya Oyunlarında iştirak edəcək

Ən titullu təmsilçimiz isə cüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu, Bakı 2015 I Avropa Oyunlarının qalibi İlham Zəkiyevdir. 

Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq. 

Qeyd edək ki, Azərbaycan komandası indiyədək qatıldığı 6 Yay Paralimpiya Oyunlarında üst-üstə 38 medal qazanıb. Bunlardan 9-u qızıl əyarlıdır. Millimizin ən yaxşı nəticəsi London 2012-də qeydə alınıb. Paralimpiyaçılarımız həmin yarışı 4 qızıl, 5 gümüş, 3 bürünc medalla başa vurublar.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər