Sabah Azərbaycan Kubokunda 1/2 final mərhələsinə start veriləcək. İki oyundan biri Bakıda, digəri isə Qəbələdə keçiriləcək. Cavab oyunları isə bir həftə sonra baş tutacaq.
Kimin "kəlləsi" gedəcək?
"Qəbələ" doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edəcək. Hər iki komanda Premyer Liqada iddiasını itirib və kubokdan Avropa Liqasına vəsiqə qazanmağa çalışır. Həm Yuri Syomin, həm də Mustafa Dənizli üçün bu oyunlar son şans ola bilər. Məğlubiyyət komandanın mövsümü titulsuz və avrokuboklara vəsiqəsiz qoyacaq ki, bu da rəhbərliklərin səbr kasasını daşıra bilər. Onsuz da hər iki komandanın uğursuz çıxışı azarkeşlərin və klub rəhbərliyinin narazılığına səbəb olub.
"Qəbələ" və "Xəzər Lənkəran" ilk dəfə 6 il əvvəl - 2007/08 mövsümündə kubokun yarımfinalında qarşılaşıb. Həmin vaxt "Xəzər Lənkəran" iki oyunun nəticəsinə görə (3:1, 1:1) "Qəbələ"ni mübarizədən kənarlaşdırıb və kuboka sahib çıxıb.
Komandalar indiyədək Premyer Liqada 22, Azərbaycan Kubokunda 2 oyun keçirib. 25 oyundan 13-də "Xəzər Lənkəran", 5-də "Qəbələ" gülən tərəf olub, 6 matçda qalib müəyyənləşməyib. Top fərqi - 35:21.
Qəbələ və Lənkəran klubları cari mövsümdə Premyer Liqada 4 dəfə üz-üzə gəlib. Bu oyunlarda "Xəzər Lənkəran" 2, "Qəbələ" 1 qələbə qazanıb, 1 matçda tərəflər hərəyə 1 xal qazanıb. Top fərqi - 4:4.
"Rəvan" sürpriz edə biləcək?
Finalın digər iştirakçısı "Neftçi" - "Rəvan" oyunlarında müəyyənləşəcək. "Neftçi" Premyer Liqanın turnir cədvəlində ilk "üçlük"də qərarlaşıb və kuboku qazanmasa belə, böyük ehtimalla Avropa Liqasına vəsiqə əldə edəcək. "Rəvan" isə 9-cu pillədə qərarlaşıb və bütün iddialarını itirib.
Son üç mövsümün çempionu "Neftçi" bu il qızıl medallar uğrunda mübarizədən uzaq düşüb. Klub rəhbərliy, məşqçilər korpusu və futbolçular bütün ümidlərini kuboka bağlayıb. Bu səbəbdən Böyükağa Hacıyev və yetirmələri bütün diqqətini "Rəvan"la oyunlara yönəldib. Güvənc Kurtarın başçılıq etdiyi komandanın isə bu mərhələyədək irəliləməsi belə sürprizdi. 1/4 finalda gözlənilmədən "Bakı"nı mübarizədən kənarlaşdıran "Rəvan" finala çıxmaq iddiasındadı. Güvənc Kurtar və yetirmələri bu iddialarını açıq şəkildə dilə gitirirlər. Qalır bu istəyi sözdən reallığa çevirmək...
"Neftçi" və "Rəvan" indiyədək kubokda qarşılaşmasa da, Premyer Liqada 7 dəfə üz-üzə gəlib. Bu oyunlarda "Neftçi" 6, "Rəvan" isə 1 dəfə qalib gəlib. Tərəflər indiyədək heç-heçə oynamayıb. Top fərqində də "ağ-qaralar"ın üstünlüyü var - 9:3.
Komandalar cari mövsümdə çempionatda artıq 3 dəfə üz-üzə gəlib və bütün hallarda "Neftçi" meydanı qələbə ilə tərk edib - 2:0, 2:1, 1:0.
Azərbaycan Kuboku
2013/14 mövsümü
1/2 final (ilk oyunlar)
16 aprel
Qəbələ - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ şəhər stadionu. Saat 16.00.
Neftçi - Rəvan
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakcell Arena". Saat 19.00.
Bombardirlər: Mbilla Etame (Xəzər Lənkəran) - 3. Aleksandr İaşvili (İnter), Asif Məmmədov (İnter), Sadio Tounkara (İnter), Vüsal Qarayev (Rəvan), Elvin Adişirinli (Şuşa), Reynaldo Silva (Qarabağ), Rəşad Eyyubov (Simurq) - 2.
Fanat.az