Azərbaycan idmanına ağır itki üz verib. Fanat.az xəbər verir ki, bu gün gecə saatlarında istedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov 27 yaşında ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Vüqar uzun müddətdi xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2011-ci ildə Yunanıstanın Porto Karras şəhərində keçirilən Avropa çempionatında Vüqarın problemləri üzə çıxmışdı. Fransayla görüşdə qəfil ürəyi gedən şahmatçı Hamburqda müalicəyə oluqmuş və iki dəfə əməliyyat olunmuşdu.
Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.
Fanat.az-ın kollektivi Vüqar Həşimovun vəfatından kədərləndiyini bildirir, mərhuma Allahdan rəhmət, ailəsinə və sevənlərinə dərin hüznlə başsağlığı verir.
Fanat.az