Ötən gün "Qarabağ"ın hücumçusu İbrahima Vadjinin Fransanın "Sent Etyen" klubuna keçdiyi məlum olub. Yerli futbol azarkeşlərini isə həmin mövqeyə hansı futbolçunun gələcəyi sualı daha çox maraqlandırır.
"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında Vadjinin gedişi və "Qarabağ"ın həmin mövqedfə kimi oynada biləcəyi ilə bağlı danışıb:
"Bir qədər keçmişə nəzər salsaq görərik ki, azarkeş və mütəxəssislər daxil olmaqla "Qarabağ" üçün hamı bir nəfər kimi daha öldürücü və iti futbol nümayiş etdirən forvardın gələcəyini gözləyirdi. Vadji çox qaçır, çox işləyir, amma həlledici məqamda görürk ki, 3 epizoddan birini qolla tamamlayır. Bu baxımdan "Qarabağ"da daha yüksək səviyyəli futbolçunun olmasını istəyirdik.
Vadjinin gedişini isə normal qarşılamaq olar. "Qarabağ"ın onun karyerasında yeni bir pəncərə açdığı aşkardır. Fransadan daha yüksək maaşlı bir təklif gələndə futbolçu bunu dilinə gətirməsə belə orada oynamaq istəyir. Onu saxlayıb hansısa turnirdə oynatmaqdansa, vaxtında buraxmaq daha məsləhətlidir. İstər-istəməz hər bir oyuna nə qədər diqqətlə yanaşsa da onun fikri digər klubda qalacaq. Belə bir halda həmin oyunçunun effektivliyi hər oyun aşağı düşmüş olur.
Onu bir müddət saxlayıb sonradan getmək imkanı yaradacaqsansa, məbləğdə uduzmuş olacaqsan. Mətbuatdan eşitdiyimə görə hazırda söhbət 1 milyondan gedir. Bu məbləğə daha keyifyyətli və yaxşı futbolçu tapmaq mümkündür. Bu səbəbdən düşünürəm ki, "Qarabağ"ın bu addımına haqq qazandırmaq olar.
Burada sual meydana çıxır: onu kim əvəz edəcək? Ümumilikdə baxası olsaq, Ovusu Vadji ilə eyni tipli futbolçudur. Hətta ola bilər ki, Vadjidən daha texnikalıdır, amma fiziki baxımdan ona uduzur. Sürətdə və ikili mübarizələrdə Vadjidən geri qala bilər. Bir daha qeyd edim ki, mənim fikrimcə Ovusu Vadjidən daha texnikalıdır. Adı çəkilən futbolçuları müqayisə etsək, məncə, Vadjinin gedişi elə də ciddi itki deyil. Hər halda Avropa Liqasında Ovusu ilə davam edə bilərik. Düşünürəm ki, hazırki durum Kvabenanın əsas heyətin forvardı olması üçün onun qarşısında yaxşı perspektivdir.
Ramil Şeydayevi də qeyd edərdim. Sözsüz ki, həmin mövqedə daha keyfiyyətli futbol görmək istərdik, amma Şeydayev də həmin boşluğu doldura bilər.
Amma hər halda Avropa Liqasına qədər hər hansısa bir futbolçunu həmin mövqeyə cəlb edəcəklər.
Nəzərə almaq lazıdır ki, "Qarabağ"ın "yalançı doqquz nömrə" ilə oynamaq təcrübəsi də var. Avropa turnirlərində onların belə bir oyun üslubu müşahidə olunub. Rotasiyalar etməklə hər hansısa yarımmüdafiəçini və ya vingeri həmin mövqedə yoxlamaq olar.
"Forvardımızı satdıq, heç nə edə bilmərik", - demək düzgün olmazdı. Ən azından alternativlər var. Bu baxımdan hesab edirəm ki, böyük bir itki deyil".
Emin