Azərbaycan MMA və Qrapplinq Federasiyasının (AZMMAGF) təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatında tarixi nəticə qeydə alınıb.
Fanat.Az xəbər verir ki, Xankəndi şəhərini və “Xan Yaşma” İdman Klubunu təmsil edən Amin Qəhrəmanov 71 kq çəki dərəcəsində ölkə çempionu tituluna yiyələnib.
Amin Qəhrəmanovun bu uğuru xüsusi əhəmiyyət daşıyır. Onun çempionluğu 35 ildən sonra Qarabağı və işğaldan azad edilmiş əraziləri təmsil edən idmançının Azərbaycan Respublika çempionatında qazandığı ilk çempionluq kimi tarixə düşüb. Beləliklə, uzun illərdən sonra Qarabağın adı yenidən ölkə çempionatının qalibi kimi Azərbaycan idman arenasında səslənib. Xankəndi təmsilçisinin əldə etdiyi nəticə yalnız fərdi uğur deyil. Bu qələbə həm də azad Qarabağda idmanın inkişafının, Xankəndidə yeni idman ənənələrinin formalaşmasının və bölgədən yeni çempionların yetişməsinin göstəricisi kimi qiymətləndirilir.
Amin Qəhrəmanov “Xan Yaşma” İdman Klubunun yetirməsidir. 2025-ci ilin mayından Xankəndi şəhərində fəaliyyət göstərən klub qısa müddət ərzində müxtəlif respublika və beynəlxalq yarışlarda uğur qazanan idmançıların hazırlanması ilə diqqət çəkir.
Klubun məşqçisi keçmiş Xüsusi Təyinatlı Qüvvələr (XTQ) mənsubu Əli İsgəndərovdur.
Nihat