Kaxaber Tsxadadzeni yaxşı tanıyırsız. Elə onun xüsusi istedada malik portəgiz həmkarı Joze Mourinyonu da. Biri planetin ən istedadlılarından sayılır, o biri futboluyla öyünməyə haqqı çatmayan ölkədə işləyən əcnəbidi.
Uğurlarını yanaşı qoymaq belə xüsusi cəsarət tələb etdiyindən bu haqda danışmayacağıq. Avrokuboklarda bir mərhələdən artığını görməyən, samballı bəlli “Birlik Kuboku”nu qazanması və ölkə çempionluğunu bayram etməsiylə öyünən Tsxadadze hara, don Joze hara... Amma gürcünü xarakterinə görə Azərbaycanın Mourinyosu adlandırmaq olar.
Emosiyalar və jestlər
Bütün emosional insanların ortaq cəhətləri var. Hisslərini cilovlaya bilməmək və ətraf mühitdə yaşananlara sərt reaksiya vermək belələri üçün xarakterik haldı. Tsxadadze də Mourinyo kimi, oyunboyu təxribatçı jestlərlə yadda qalır. Gah başını tutur, gah üzünü publikaya çevirib kinayəli təbəssümlə haqsızlığa məruz qaldığını göstərməyə çalışır, gah da nəyisə başa salmaq üçün 4-cü hakimin üstünə şığıyır. Elə texniki zonaya yaxın olan laysmanların da “İnter”in baş məşqçisinin əlindən zara gəldiyinə dəfələrlə şahidlik etmişik.
Cəzayameyillidilər
Ünlü çalışdırıcılar arasında don Joze qədər texniki zonadan uzaqlaşdırılanlar barmaqla sayılacaq saydadı. İstər İngiltərədə, istərsə də çalışdığı digər ölkələrdə Mourinyo hakimlərin qəzəbinə tuş gəlib. Səbəbini xırdalamaq artıqdı. Min hoqqadan çıxan mütəxəssis üçün başadüşülən haldı. Aldığı son cəzadan bu yaxınlarda qurtulan Tsxadazenin biədəb jestləri özünəməxsus olsa da, tez-tez cəzalandırılması faktdı.
Şərflərə münasibət
Xarici görünüşləri bir-birinə heç bənzəmir. Ancaq bəzən gürcü də yarımklassik geyim dəstində olur, boynunda da şərf! Diqqət yetirsəz, şərfini Mourinyo kimi qurdaladığını, sığalladığını sezərsiz. Hərdən bizim gürcünün göstəriş verməkdən bezib bir nöqtəyə baxması necə, tanış gəlirmi?
Beyin yaxınlığı
Hə, müstəvilər arasında uçurum var. Lakin “bankirlər”in baş məşqçisində Mounun futbol fəlsəfəsinə yaxınlıqlar az deyil. Taktikanı ön planda tutmaq, fiziki hazırlığa xüsusi diqqət, rəqibin oyununa uyğun hazırlaşmaq, nəticəyə getmək məharəti. Maraqlıdı ki, “İnter”in də oyunu “Çelsi”ninki kimi nadir hallarda alınmır. Sabitlik fəlsəfəsinə sadiqlik göz qabağındadı. Qonşu ölkədən olan adam daha məşhur həmkarıtək başqalarının lazımlı saymadığı futbolçudan məharətlə faydalana bilir. Zaman-zaman Tsxadadzenin daşdəmirovları, Mourinyonun qudyonsenləri olub... Yəni fərdlərə xüsusi münasibət bəsləmələrini qabartmaq mümükündü.
Mətbuata qarşı aqressivlik
Hələ Madrid “Real”ında işləyəndə jurnalistlər mətbuat konfranslarında Mourinyonun köməkçisi Aytor Karankanı (Hazırda “Midlsbro”un çalışdırıcısıdı) görməkdən bezmişdilər. KİV nümayəndələriylə ildə bir neçə insident yaşayan portəgizin gürcü həmkarı da bu mənada ondan geri qalmır. Səhhətinin pisləşdiyini söyləyərək oyunsonrası sual-cavabdan yayındığını da bilirik, başqa bəhanə tapdığını da... Müxtəlif vaxtlarda müxtəlif kobudluqlarına görə tənqid hədəfinə çevrilən Tsxadadzenin ötən mövsüm “Qarabağ”dan aldıqları yenilginin ardından “udanda heç bu qədər adam görmürəm. Yenildiyimizə görə zalı doldurmusuz” cümlələrini xatırlasaq, yetər. Suallardan qıcıqlanması, məqalələrə çılğın reaksiya verməsi də öz yerində.
“Əydilərsə”, vay futbolçunun halına
Mourun nüfuzuna görə onun çalışdırdığı kluba keçənlər çox olub. Tsxadadze amilini nəzərə alaraq “İnter”ə pənah aparanlar da həmçinin. Hə, həmkarların öz oyunçusu ilə yola getməməsi hallarına da rast gəlmişik. “Ağ-göylər”i mövsümün sonunda tərk etməyə hazırlaşan mütəxəssis biriylə “əydisə”, vay halına. Kapitanlıq sarğısı verdiyi Vaqif Cavadovun xidmətindən hansı şəkildə imtina etməsi ən yaxın tarixdi. Portəgiz isə bir müddət əvvəl belçikalı Romelu Lukakunun xırda səhvini bağışlamayaraq transferə çıxardı. Bu qəbildən onlarla misal taparıq.
Həmkarlarıyla “atışır”, əlbəyaxa olurlar
“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi, artıq “MY”də olmayan Aleks Ferqyusonla mətbuat vasitəsi ilə deyişən Mourinyo İngiltərə Premyer Liqasındakı digər iddialının “Arsenal”ın siması sayılan Arsen Vengerlə də yola getmir. Hətta ötən ilin payızında fransızla portəgizin yaxalaşması uzun müddət gündəmdən düşmədi.
Tsxadadze də iddialı komandaların “bostanına daş atmaq”da mahirdi. Məğlubiyyəti həzm etməyən qəhramanımız Böyükağa Hacıyevlə ara-sıra kəllə-kəlləyə gəlirdisə, Yunis Hüseynovla dalaşıb.
NİHAT, “Futbol+” qəzeti