Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Calciomercato" nəşri: "İnter" "Sürix"in və İsveçrənin gənclərdən ibarət komandasının müdafiəçisi Beşir Omeraqiçlə maraqlanır. 19 yaşlı futbolçu mövsümə yaxşı başlayıb və Avropanın daha böyük klubuna keçmək istəyir. "İnter" Omeraqiçə belə bir şans təklif edə bilər, lakin mövcud maliyyə problemləri səbəbilə futbolçuya yüksək məvacib təklif edə bilmir.
"Calciomercato" nəşri: "Roma" "Norviç"in və İngiltərənin U-21 millisinin müdafiəçisi Maks Aaronsla müqavilə imzalamaq istəyir. "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Bayern Münhen" və "Barselona" son bir neçə ayda 21 yaşlı futbolçu ilə əlaqə saxlasalar da, İtaliya klubu mübarizədə qalib gəlməyə ümid edir. "Roma" 19 milyon funt-sterlinqə satın alma variantı olan oyunçunu icarəyə götürmək fikrindədir. "Norviç"in danışıqlara açıq olacağı gözlənilir.
"Calciomercato" nəşri: "Lids" son vaxtlar "Yuventus"un yarımmüdafiəçisi Aaron Remzi ilə maraqlanır. “Everton” və “Nyukasl” uelsli futbolçunu almağa hazırdır. Remsinin prioriteti də Premyer Liqaya qayıtmaqdır.
"Voetbal İnternational" saytı: PSV-nin baş məşqçisi Rocer Şmidt "Laypsiq"ə başçılıq etmək imkanından imtina edib.
"BILD" nəşri: Rocer Şmidtin təklifi rədd etməsindən sonra "Laypsiq"in baş məşqçisi postuna Domeniko Tedesko favoritdir.
"The Times" nəşri: Stiven Berqveyn Erediviziyaya qayıda bilər. "Ayaks" bu mövsüm Premyer Liqada cəmi 7 oyun keçirmiş "Tottenhem"in oyunçusunu almaqda maraqlıdır.
Macarıstan millisinin baş məşqçisi Marko Rossi: "A Seriyasında mühüm rol oynaya biləcək bir macar oyunçu adını çəkmək çətindir. Amma hazırda "Fənərbağça"da oynayan Attila Salai Macarıstanı çox yaxşı təmsil edir. Onun "Çelsi"yə keçəcəyini düşünürəm. O, İspaniyanın ciddi klubları tərəfindən də izlənilib, lakin "Çelsi"yə keçidi böyük ehtimalla həll olunub".
"90 min" idman saytı: Atilla Salai yanvarın 1-i "Çelsi"nin futbolçusu olacaq.
"Calciomercato" nəşri: Zidan baş məşqçi təyin olunarsa, Arsen Venger PSJ-də iş tapa bilər. Fransız məşqçi artıq klub rəhbərləri ilə ilkin danışıqlar aparıb. Zidan Paris komandasında "Arsenal"ın keçmiş baş məşqçisi Arsen Vengerlə birgə işləməyi arzulayır. Belə olan halda Zidan özü komandanı çalışdıracaq, Venger isə klubun strateji inkişafı ilə məşğul olacaq.
Villi Kabalero (40 yaşlı qapıçı) "Çelsi"dən (İngiltərə) - "Sauthempton"a (İngiltərə) . Futbolçu azad agent qismində keçid edib. 40 yaşlı təcrübəli qapıçı 1 iyul 2021-ci ildən bəri klubsuz idi. Müqavilə 2022-ci il yanvarın 5-dək imzalanıb.
Emin Şəmsiyev