Taekvandoçumuz Azərbaycana bürünc medal qazandırdı

Taekvandoçumuz Azərbaycana bürünc medal qazandırdı
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Patimat Abakarova bürün medal qazanıb. 
Fanat.Az xəbər verir ki, 49 kq çəki dərəcəsində yarışan dağıstanlı idmançının rəqibi serbiyalı Tiyana Boqdanoviç olub.
1/8 final qarşılaşması Avropa çempionu Boqdanoviçin qələbəsi ilə yekunlaşıb - 3:2. İlk 3 raunddan sonra Abakarova 0:3 hesabı ilə geridə olub. Sonuncu raundda o, fərqi minimuma endirsə də, daha artığına nail ola bilməyib.
Boqdanoviç finala kimi irəlilədiyinə görə, Abakarova təsəlliverici görüşlərdə mübarizə aparıb. Bürünc medal uğrunda onun ilk rəqibi çinli Jinqyu Vu olub. İkiqat olimpiya çempionu (Pekin-2008 və London-2012) ilə görüş olduqca gərgin keçib. Qarşılaşmada iki dəfə geri düşməsinə baxmayaraq sona yaxın rəqibin başına əla zərbə endirən idmançımız 4:3 hesablı qələbəyə sevinib.
 
Patimatın bürünc medal yolundakı son rəqibi fransalı Yasmine Azeize olub. Döyüşə fəal başlayan Abakarova yekunda möhtəşəm qələbə ilə bürünc medal qazanıb - 7:2. Bu, həm də Azərbaycan tarixində taekvondoda qazanılmış ilk olimpiya medalı olub.
Xatırladaq ki, taekvando yığmamızın heyətində qarşıdakı günlərdə Milad Beiqi Harçeqani (80 kq), Fəridə Əzizova (67 kq) və Radik İsayev (+80 kq) mübarizəyə qoşulacaqlar. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər